DTX-nin “İran şəbəkəsi”nə qarşı əməliyyatı: Tehran və İrəvanın Azərbaycanda sabitliyi pozmaq planları

İranın Bakıdakı səfiri persona-non-qrata elan olunmalıdır

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti rəsmi məlumat yayaraq İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa etdiyini açıqlayıb. Açıqlamada qeyd olunur ki, respublikamızın vətəndaşları İran xüsusi xidmət orqanları tərəfindən gizli şəkildə xarici ölkələrdə hərbi təlimlərə cəlb olunub və onlardan dövlətimizin təhlükəsizlik maraqlarına qarşı istifadə edilib. DTX qanunsuz silahlı birləşməyə rəhbərliyin hazırda İranda gizlənən Tohid İbrahimbəyliyə, Rövşən Əsədova, Orxan Məmmədova, Elşad Hacıyevə (Əkrəm Hacızadə) və digərlərinə həvalə olunduğunu bildirib. Rəsmi məlumata görə, qanunsuz silahlı birləşməyə daha çox “Müsəlman Birliyi Hərəkatı” adlandırılan təşkilatın üzvləri qatılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmənin hərbi təlimlərində iştirak edən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin bu məlumatı İranın son zamanlar Azərbaycana qarşı güclənən aqressiv mövqeyi və Ermənistanla istiləşən münasibətləri qarşısında xüsusi aktuallıq qazanır. Məlum olur ki, Qərbi Zəngəzurun Qafan şəhərində konsulluq açan, Araz çayının cənub sahillərində təlim keçirərək rəsmi Bakıya əzələ göstərən və əlində olan bütün vasitələrlə Ermənistana dəstək verən İran ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün planlar hazırlayırmış. Əslində, Azərbaycan müstəqillik qazandıqdan bəri İranın ölkəmizdə “təzyiq rıçaqları” formalaşdırdığı, bu zaman şiə ideologiyasından sui-istifadə etməsi heç kimə sirr deyil.

Zaman-zaman Azərbaycanda İranın dəstəyi ilə dini siyasətə alət edən birliklər və siyasi partiyalar formalaşdırılıb, lakin hər biri ilk növbədə cəmiyyətin müqaviməti ilə üzləşib. Bu cür “ictimai-siyasi birliklər”in rəhbərləri Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa olunub və məhkəmə qarşısına çıxarılıb. Məhkəmə proseslərində həmin şəxslər İranın teokratik rejiminə, əlini öpdükləri ayətullahlara və mərceyi-təqlidlərinə simpatiyalarını gizlətməsələr də, ədalətin hökmündən yayınmaq üçün israrla Azərbaycanda dünyəvi quruluşa qarşı çıxmadıqlarını bildiriblər. Lakin hazırda ifşa olunan silahlı birləşmənin rəhbərləri arasında özünü “ideoloq” sayan Tohid İbrahimbəyli Azərbaycanda “Kərimə dövləti” qurmaq iddiası ilə çıxış edir və konstitusiya quruluşunun dəyişdirilməsi üçün açıq fəaliyyət göstərir. Rəsmi Bakı bu cür şəxslərin Azərbaycana təhvil verilməsi barədə İran rəsmiləri qarşısında dəfələrlə məsələ qaldırsa da, müraciətlər nəticəsiz qalıb. Üstəlik, DTX-nın yüksək peşəkarlıqla apardığı əməliyyat və təhqiqatlar nəticəsində məlum olub ki, Azərbaycanda sabitliyi pozmağı hədəfləyən qrupları ideoloji vasitələrlə təmin etmək üçün İran Bakıdakı səfirliyinin avtomobillərindən istifadə etməkdən də çəkinməyib.

Məlum olduğu kimi, “Diplomatik əlaqələr haqqında” Vyana konvensiyasının 22-ci maddəsinə əsasən səfirliklərin balansında olan avtomobillərdə yoxlama aparılmır. Lakin İranın Bakıdakı səfirliyinin avtomobilində Azərbaycana dini fundamentalizm təbliğatında və kütləvi nümayişlərdə istifadə olunmaq üçün təşviqat malları gətirməsi elə həmin konvensiyanın 36 və 41-ci maddələrinin kobud şəkildə pozulması olmaqla səfirin və səfirlik əməkdaşlarının persona-non-qrata elan edilməsi üçün əsasdır. Hərçənd ki, konvensiyanın 9-cu maddəsinə görə, bir dövlət istənilən vaxt öz qərarını əsaslandırmadan da səfirliyin sahibi olan dövlətə xəbərdarlıq edə bilər ki, onun nümayəndəliyin başçısı və ya diplomatlarından biri “persona non qrata” elan olunur. Azərbaycan cəmiyyətindən İranın Bakıdakı səfiri Abbas Musavinin “persona non qrata” elan olunması barədə çağırışlar səslənir və Azərbaycanın Tehranla münasibətləri qaydaya salmaq üçün atdığı xoşməramlı addımlar qarşısında onun diplomatik immunitetdən məkrli şəkildə sui-istifadə etməsi bu çağırışların rəsmi Bakı tərəfindən nəzərə alınmasını zərurətə çevirir.

İranla diplomatik münasibətlərin Tehran teokratlarının Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, sabit və demokratik inkişafına bəslədiyi kin üzündən zaman-zaman gərginləşməsi və bu gərginliyin hər dəfə rəsmi Bakının soyuqqanlı yanaşmaları hesabına səngidiyi bəllidir. Ancaq 44 günlük savaşda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, Cənubi Qafqazı konflikt zonasından sülh və əməkdaşlıq regionuna çevirmək üçün ardıcıl siyasət aparması İranı qıcıqlandırır və aqressivləşdirir. Bu aqressiyanın kökündə Azərbaycanın Qafqazın lider dövləti olması və sülh regionunda kommunukator kimi çıxış etmək perspektivi dayanır. İran Azərbaycanın və gələcəkdə Cənubi Qafqazın İranın müstəmləkə xalqları üçün modelə çevrilməsindən dərin narahatlıq keçirir. Nəticə Azərbaycan torpaqlarının işğalına növbəçi bəyənatlarını saymasaq, səssiz qalan və Qarabağın talanmasında, viran qoyulmasında iştirak edən İran Ermənistanın ən yaxın müttəfiqinə çevrilir, hətta İrəvandakı “Soros hakimiyyəti”nə belə dayaq duraraq Nikol Paşinyanı hərbi təxribatlara həvəsləndirir. Bu il sentyabrın 13-də 44 günlük müharibədə ordusunun yarıdan çoxunu itirmiş Ermənistanın qəfildən cürətlənərək Azərbaycanın demarkasiya və delimitasiya olunmamış sərhəd zonasında təxribatlar törətməsi bir çox analitiklərin ehtimalına görə, məhz bu həvəsləndirmələrdən qaynaqlanırdı. Ancaq Azərbaycan ordusu Ermənistanında da, İranın da, Nikol Paşinyanı yeni eskalasiyalara sürükləyən digər ölkələrin də həvəsini qursağında qoydu. Bununla belə, 13 sentyabrdakı Zəngəzur döyüşləri göstərdi ki, Ermənistan törətdiyi təxribatlara Azərbaycanın daxilindən dəstək almağı gözləyir. Bu tendensiyanı DTX-nın ifşa etdiyi şəbəkənin fəaliyyəti ilə uzlaşdıraraq analiz etdikdə ortaya belə bir sxem çıxır:

  • Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törədir;
  • Həmin təxribatlardan sonra Azərbaycandan başqa hər yerə- İrana, Rusiyaya, Qərbə xidmət etməyə müntəzir olan Milli Şura Silahlı Qüvvələrə, siyasi iqtidara və dövlət başçısına qarşı kampaniya başlayır;
  • Milli Şuranın anti-dövlət fəaliyyətinə xaricdəki erməni diasporunun təsirində olan fondlardan maliyyələşən azərbaycanlı mühacirlər geniş dəstək verir;
  • İran şəbəkəsinin fanatik və silahlı hücrələri hərəkətə keçirilir, ölkə daxilində sabitliyin pozulması üçün təxribatlar törədilir;
  • Mərkəzi hakimiyyətin diqqətinin daxili təxribatlara yönəlməsi Ermənistana yeni məntəqələr işğal etməyə imkan yaradır və bununla ölkə hərbi-siyasi böhran dövrünə daxil olur.

Lakin bu və bu kimi məkrli planlar heç zaman baş tutmayacaq ona görə ki, Azərbaycan xalqı öz prezidentini birmənalı olaraq dəstəkləyir, ordumuz hər cür hərbi diversiyanın qarşısını almağa qadirdir və Dövlət Təhlükəsizliyi Xidməti öz funksiyalarını yüksək ləyaqət və peşəkarlıqla həyata keçirir. İstər 44 günlük müharibədə, istərsə də Qələbədən sonra dövlət təhlükəsizliyinin qorunmasında Azərbaycan kəşfiyyatçılarının oynadığı xüsusi rol hər cür öygüyə layiqdir. Bu baxımdan İran silahlı şəbəkəsinin 19 üzvünün ifşa olunması DTX-nın əməliyyat tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Həyata keçirilən bu son dərəcə əhəmiyyətli, ugurlu əməliyyat DTX-nin dovlətçiliyimizə növbəti ciddi töhfələrdən biri kimi alqışa layiqdir.

“İntibah” Sosial Araşdırmalar və Siyasi Təhlil Mərkəzi