AXCP İranla diplomatik gərginlik yaranan kimi nədən küçəyə çıxır? AXCP İranla diplomatik gərginlik yaranan kimi nədən küçəyə çıxır?

Əli Kərimli Sorosu necə yarıdıbsa, mollaları da eləcə yarıdacaq!..

AXCP İranla diplomatik gərginlik yaranan kimi nədən küçəyə çıxır?

Azərbaycanın leqal siyasi sistemində açıq İranpərəst qüvvə heç zaman aparıcı mövqedə olmayıb. İran zaman-zaman bölgəyə ixrac etdiyi ideologiyaya əsaslanan partiyalar yaratmağa və ayaqda saxlamağa çalışıb, ancaq onlardan heç biri təşkilatlana bilməyib. Bu da ilk növbədə Azərbaycan cəmiyyətinin spesifikası ilə bağlıdır. Bizim toplumda milli-coğrafi kimlik ön planda olduğundan və İrandan ölkəmizə hər zaman mövhumat gəldiyindən çağdaşlaşma yolunu tutmuş bir cəmiyyətə Tehran mollaları örnək ola bilməzlər. Azərbaycan müstəqillik qazandıqdan sonra kiril əlifbasından imtina məsələsi aktuallaşdı. O vaxtlar İran propoqandası işə düşərək Azərbaycanı əski əlifbaya qayıtmağa səsləyirdi. Ancaq bu çağırışlar istehza və rişxəndlə qarşılanırdı. 1992-ci ilin ayın mayında isə Tehran Qarabağ münaqişəsində vasitəçilik etməyə cəhd göstərdi və ilk təşəbbüsü onunla nəticələndi ki, Şuşa işğal olundu. Torpaqlarımız işğal altında olduğu müddətdə isə Tehran birmənalı olaraq Ermənistanı müdafə etdi. Uzun sözün qısası, Azərbaycanda İranın az qala Ermənistan qədər mənfi imicə malik olmasının arxasında çoxsaylı amillər dayanır.

Bu amilləri göz önündə tutan siyasi təşkilatlar İranla istər-istəməz məsafədə dayanmağa üstünlük verib. Siyasi islamçılıq ideologiyasını mənimsəməyən təşkilatlar arasında bu məsafəni bircə Azərbaycan Sosial-Demokrat Partiyası o qədər də gözləməyib. Bunun bir səbəbi partiyanın qurucuları olan Əlizadə qardaşlarının İranın dini lideri ayətullah Xəmneyi ilə əslən eyni qəsəbədən olmaları, digər nədəni isə sosal-demokratların Əbülfəz Elçibəyə patoloji münasibəti idi. İndi gərdişi-dövrana baxın ki, Əbülfəz Elçibəyin partiyasının hüquqi varisi olan AXCP-nin Əli Kərimlinin başçılıq etdiyi qanadı İran simpatizanlarının əsas dəstəkçisinə çevrilib. AXCP İranla əlaqələri heç kimdə şübhə doğurmayan “Müsəlman Birliyi”ni siyasi səhnədə legitimləşdirir və Hacı Taleh Bağırzadəni açıq şəkildə müdafiə edir. İstər AXCP-nin aksiyalarında, istərsə də təşviqat-informasiya işində molla rejiminin uzantılarını görməmək mümkün deyil. Elə AXCP-nin keçirməyə cəhd etdiyi son piketdə də İranın maraqları və əlləri açıq gözə dəyirdi.

Artıq neçənci dəfədir ki, AXCP Azərbaycanla İran arasında diplomatik münasibətlər gərginləşən zaman küçələrə çıxır, daha doğrusu, çıxardılır. İranın Azərbaycanda müəyyən “təsir qrupları” olduğu heç kimə sirr deyil. Həmin qruplar marginal və müstəqil şəkildə aksiya keçirərsə, effektsiz olduğundan “dünyəvi və Qərbpərəst” AXCP-nin çətiri altında meydana çıxır. Az qala hər gün AXCP-ni və partiyanın sədrini təbliğ edən İranın “Səhər” kanalı baş tutmayan aksiyalara informasiya dəstəyi verməklə molla rejiminin Azərbaycanda gərginlik yaratmaq marağını ortaya qoyur.

Əvvəla, Azərbaycanın milli təhlükəsizlik və daxili sabitlik sistemi elə qurulub ki, İran heç bir halda ölkəmizdə xaos yarada bilməz. Ancaq hazırda İranın özündə tam xaos hökm sürür. Tehran rejimi kütləvi iğtişaşların qarşısını almaqda acizdir.

İkincisi, AXCP hansı təşkilati resursa və elektoral gücə sahibdir ki, İran ideologiyasını və simpatizanlarını marginallaşmadan qorusun?

Üçüncüsü, zaman sübut edir ki, Azərbaycanın bir dövlət və cəmiyyət olaraq inkişaf tempi ilə ayaqlaşa bilməyən bütün hakimiyyət iddiaçılarının özləri marginallaşıb. Görünür, AXCP marginallıqdan marionetliyə doğru irəlilədiyini ya fərq etmir, ya da fərq etmək istəmir. Bu olduqca vacib nüansdır və üzərində xüsusi dayanmağa ehtiyac var.

Sabiq prezident Əbülfəz Elçibəy Bütöv Azərbaycan ideyası ilə çıxış edir, Güney Azərbaycandakı soydaşlarımızın milli hüquqlarını gündəmə gətirir, İranın siyasi xəritədən silinəcəyi gün üçün çalışırdı. Onun zamanında AXCP ideoloji mərkəz idi. Lakin Elçibəydən sonra müxalifət düşərgəsi ideoloji vakuma yuvarlandı, Əli Kərimli Elçibəy davasından faktiki olaraq imtina etdi və günlərin birində Rusiyadakı milyarderlərin pul kisəsinin cazibəsinə düşüb Kremlin layihəsində- Milli Şurada yer aldı. Halbuki cəmi bir neçə il öncə- 2005-ci ildə Əli Kərimli narıncı qalstukda Azərbaycana rəngli inqilab idxal etmək istəyirdi. Əli Kərimlinin aralarında manevr etdiyi qütblər təzadlıdır: Qərb, İran, Rusiya! Sorosun “Açıq Cəmiyyət”i, Ocaq Necatinin ofisi, Moskva bankları... Ən pisi isə odur ki, AXCP və Əli Kərimli bu qüvvələrin hər birinə Azərbaycanın maraqlarını tapdalayaraq yaxınlaşır və xidmət edir.

Azərbaycan prezidenti İlham Əliyev Səmərqənddəki Türk Dövlətlərinin Zirvə Toplantısında tarixi bir çıxış etdi. Bu çıxış ənənəvi və yeni mediada yayılıb, böyük rezonans doğurub. Zaman və şərtlər sürətlə dəyişir və ən böyük milli hədəfimizin reallaşması üçün tarixi şans yaranır. O gün Facebook-da yazmışdım, burada da təkram edim:
Mən prezident İlham Əliyevin liderlik keyfiyyətlərində genetik amillərə xüsusi önəm verirəm. Bu barədə dəfələrlə yazmışam, təkrar etmək istəmirəm. Ancaq onu deyim ki, İlham Əliyevi liderə çevirən genetik kodların üçü olduqca mühümdür.

1) Məqsədyönlülük;

2) Situasiyanı dəyişmək bacarığı;

3) Tam zamanında qərar verərək önə çıxmaq və prosesə möhürünü vurmaq.
Prezidentin Səmərqənddəki çıxışı onun göstəricisidir ki, Təbriz- bir zamanlar işğal altındakı Qarabağ olduğu kimi- İlham Əliyev üçün milli hədəf məsələsidir.

Bircə şey deyəcəm: Ulu öndər Heydər Əliyev və İlham Əliyev qarşılarına qoyduqları hansı məqsədə çata bilməyiblər?

Yoxdur belə hal!

Bir zamanlar ustad Məmməd Araz yazırdı:

Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.

Savalanın göyərmiş qara daşlarından Bütöv Azərbaycan inşa etməyin vaxtı yetişib!

“Memarlıq- məkanı düşüncədə yaratmaqdır”- bu, amerikan arxitektoru Luis Kanın sözüdür.

Söz etdiyim məkan düşüncəsində və düşüncə məkanında olmayanlar nə yarada bilərlər, nə yarıda.

Əli Kərimli Sorosun şəbəkəsini, Milli Şura layihəsinə pul buraxan Moskva milyarderlərini necə yarıdıbsa, İranı da eləcə yarıdacaq, buna şübhəniz olmasın.

Taleh Şahsuvarlı