Naxçıvan səfəri

Dünən "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu" mövzusuna həsr olunmuş konfransa qatılmaq üçün Naxçıvana səfər etdik.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevin təşkil və koordinasiya etdiyi tədbir son dərəcə uğurlu alındı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vətəndaş cəmiyyəti nümayəndələrinin geniş tərkibdə tədbirə qatılması üçün əlindən gələni əsirgəməmişdi. "Pragma" İctimai Birliyinin sədri olaraq dəvətə görə Agentliyin İcraçı direktoru Aygun xanım Əliyevaya təşəkkür edirəm. Gerçəkdən unudulmaz səfər oldu. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açdı. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəforoğlu təsirli nitq söylədi. Azərbaycan vətəndaş cəmiyyətinin ən təcrübəli və savadlı liderlərindən olan Əliməmməd Nuriyev konfransın tam mövzusuna uyğun samballı çıxış etdi.

Zənnimcə, bu tədbir üçüncü sektorda daxili inteqrasiyasını gücləndirməklə yanaşı Naxçıvanda vətəndaş cəmiyyətinin qurulmasına böyük töhfə verəcək. QHT sektorununun milli məsələlərdə yekdil mövqedən çıxış etməsinin əhəmiyyətini Xankəndi yolundakı aksiyada görürük. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasında dövlətimizin nə qədər israrlı olduğunu da bilirik. Fərz edək ki, günü sabah dəhliz açıldı. Bu dəhlizlə bərabər Naxçıvanda iqtisadi təşəbbüs azadlığının və vətəndaş cəmiyyəti quruculuğunun önü də açılmalıdır. Naxçıvan həm iqtisadi, həm də mədəni baxımdan Qərbi Zəngəzuru öz təsirində saxlamalıdır. Bu, dövlətimizin və cəmiyyətimizin strateji planla hərəkət etməsinə zərurət yaradır. Dövlətimizin hazırda gördüyü iş budur. Bəli, dəhlizlə birgə ermənilərin Naxçıvana ayağı da açılacaq. Muxtar respublikanın ərazisində onlar öz "iz"lərini və "irs"lərini axtaracaqlar. Bu açıdan muxtar respublikanın elm və təhsil sistemini, intellektual mühitini gərgin debatlar, ittihamlar gözləyir. Vətəndaş cəmiyyəti institutları bu iddialara ilk sipər olmalıdır.

Naxçıvan son dərəcə gözəl şəhərdir. Bu şəhərə heyran olmamaq mümkün deyil. Təbiəti gözəl, adamları mərd və qoçaq, tarixi qədim, məskənləri abaddır. İstehsal, turizm, xidmət sektorunun inkişafı üçün bölgənin çox böyük potensialı var. Əhali dolanışıq üçün bölgəni tərk etdiyindən gurluq yoxdur. İqtisadi fəaliyyət meydanının genişlənməsi geriyə dönüş yaradacaq. Bu, qaçılmazdır. Əsas sual isə budur: əhalinin yenidən gurlaşması və iqtisadi canlanma Bakının şəhərsalmasında olduğu kimi xaosa yol açacaq, yoxsa Naxçıvanın əzəməti və gözəlliyi qorunacaq? Naxçıvanın Qərbi Zəngəzuru öz orbitində saxlaması bundan çox asılıdır.

Digər önəmli məsələ İranın Naxçıvana təsiri ilə bağlıdır. Biz bu təsiri bir neçə dəfə görmüş və hiss etmişik. Üstəlik İran Qafanda konsulluq açıb. Dəhliz fəaliyyətə başlayanda İranın Qafandakı konsulluğu da boş oturmayacaq. Odur ki, sekulyar vətəndaş cəmiyyəti təşkilatlarının Naxçıvanda güclü olması lazımdır. Çağdaş dövlətlər təkcə administrativ üsullarla yönəldilmir.

Taleh ŞAHSUVARLI