Qılıncdaroğlu zehniyyəti CXP-dən getməlidir və bu, bizi də maraqlandıran məsələdir

Azərbaycan müsəlman şərq dünyasında ilk respublikanın adıdır.

Bu respublikanın formalaşmasında və dövlət təşkilatının qurulmasında Dövləti-Aliyənin ciddi rolu vardı.

Fəqət Anadolu işğal olundu, Osmanlı ordusu Azərbaycandan çıxdı.

Qocaman imperiyanın çöküşü Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna rəvac verdi.

Anadolunu işğal edən güclərə qarşı qurtuluş savaşı başlayan Mustafa Kamalın bolşevik Rusiyasının dəstəyinə ehtiyacı vardı.

Bu dəstəyi ala bilmək üçün Moskvaya göndərilən teleqramlarda bolşeviklərin Azərbaycanı işğal etməsinə, yumşaq desək, göz yumulacağı bəyan olundu.

Məqsədim Türkiyə Cümhuriyyətinin qurucu liderini ittiham etmək, parlaq dühasına və bənzərsiz şəxsiyyətinə deyil, əsla.

Fəqət tarixin bizə verdiyi bir ibrət var: Türkiyə dövləti zəifləyəndə, gücsüzləşəndə, ayrı-ayrı xarici dövlətlərdən asılı vəziyyətə düşəndə, Azərbaycanın müstəqilliyi təhdid altında qalır.

Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə ən böyük xidməti nədir?

Bu suala mənim cavabım belədir: Ərdoğan Türkiyəni ayrı-ayrı xarici dövlətlərdən asılılığını minimuma endirib.

Davam edək.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Bərpa edilən dövlət müstəqilliyimizi ilk tanıyan dövlət qardaş Türkiyə Cümhuriyyəti oldu.

SSRİ- nin dağılması ərəfəsində Ermənistan ərazilərimizə sahib olmaq iddiasını rəsmən ortaya qoymuş, Qarabağda etnik münaqişə başlamışdı.

Azərbaycanın öz torpaqlarını Rusiyanın, İranın, Qərbin dəstəklədiyi erməni separatizmindən qorumaq üçün nə ordusu vardı, nə silahı, nə də milli təfəkkürlü və səriştəli hakimiyyəti vardı.

Ayaz Mütəllibov və komandası Azərbaycanın dövlət müstəqilliyini yetərincə dərk edən və möhkəmləndirmək üçün effektiv daxili və xarici siyasət yürüdə biləcək bir zehniyyətə sahib deyildi, özünü müstəqil bir respublikanın ilk prezidenti kimi yox, Rusiyanın təbəəsi kimi aparırdı. Odur ki, Azərbaycanın iqtisadi, sosial, demoqrafik, geopolitik resurslar baxımından Cənubi Qafqazın ən zəngin respublikası olması faktından erməni seperatizminin zərərsizləşdirilməsi üçün istifadə edə bilmədi və "bir ovuc erməni" əvvəlcə Xocalı qətliamını törətdi, arxasınca Şuşanı işğal etdi.

Ölkəmizdə iqtidar dəyişdi. Qarabağ hadisələri dalğasında formalaşmış və müstəqillik tərəfdarlarının cəmləşdiyi Xalq Cəbhəsi hakimiyyətə gəldi.

Mərhum prezident Əbülfəz Elçibəy İran və Rusiyaya dirsək göstərən, Türkiyə və Türkiyə üzərindən Qərb yönümlü bir xarici siyasət yürüdürdü. Bu siyasət tezliklə marginallaşdı. Kəlbəcər işğal olunanda Azərbaycanın ikinci prezidenti Türkiyədən mülki əhalini köçürmək üçün helikopter istədi, Ankara "yoxumuzdur" dedi.

Gəlin, soyuqqanlı düşünək: Türkiyə müstəqilliyimizin ilk illərində Azərbaycanı qırmızı cizgisi elan edib regiondakı öz üstün hərbi gücünü Ermənistana bu və ya digər şəkildə göstərmiş olsaydı Qarabağ işğal altına düşərdimi?

Cavab bəllidir və bu cavabdan çıxan bir nəticə də var: Türkiyənin güclü və qüdrətli dövlət olması yetmir, Türkiyədə "Osmanlı ruhu"nu daşıyan, gərəkəndə düşmənlərinin üzünə "Osmanlı tokatı" ata bilən bir iqtidara ehtiyac var.

Mən "Osmanlı ruhu" dedikdə Türkiyənin cümhuriyyətçiliyinə qarşı bir tövr alınmasını nəzərdə tutmuram. Onu nəzərdə tuturam ki, Türkiyə Cümhuriyyəti yeni bir dövlət deyil, Osmanlının varisidir və bir varis olaraq, gərəkəndə Qərb, gərəkəndə Rusiya, gərəkəndə də İranın farslaşmış imperalizminə qarşı öz maraq zonasında qətiyyətli addımlar atmağı bacarmalıdır.

İşdə Türkiyədə bu cür qəttiyyət sahibi olan lider Rəcəb Tayyib Ərdoğandır.

Onun xarakteri İkinci Qarabağ savaşında Azərbaycana olunan beynəlxalq təzyiqlərin dəf edilməsi baxımından çox köməyimizə çatdı.

Azərbaycan cəmiyyətinin marginal kəsimləri xaricində Ərdoğana xüsusi bir simpatiya, üstəlik, vəfa borcu duyğusu var.

Görünən odur ki, cəmiyyətimizin bu pozitiv münasibəti Türkiyədə seçkilərdə Ərdoğana yenilməkdən yorulmayanları qıcıqlandırır.

Fəqət çox yaxşı olardı ki, qıcıqlanmaq, çeşidli "komplo teorilər" qurmaq və bütün bunları birbaşa Kamal Qılıncdaroğluna bağlı "Halk TV"-dən, onun Fatih Portakal kimi sıxılanda şirə deyil, irin ifraz edən ekran üzlərinin youtub kanallarında tirajlamaq əvəzinə Azərbaycanın regiondakı yerini və rolunu dəyərləndirə, arxitekturası çökmüş beynəlxalq münasibətlər sisteminin yenidən şəkillənməsi üçün prezident İlham Əliyevin mesajlarını və cəhdlərini düzgün oxuya biləydilər.

Diqqət edin, Azərbaycan bu gün qardaş Türkiyənin Türk və İslam dünyasının təmsilçisi olaraq BMT-nin Təhlükəsizlik Şurasında daimi və veto hüquqlu üzv olmasını arzulayır, bunun üçün birgə kombinasiyalar qurur, planın baş tutması üçün var gücü ilə çalışır. Bunun qarşılığında Kamal Qılıncdaroğlunu Ərdoğanın qarşısına dikən masa və həmin masanın məlum sahibləri tarixi bir proje olan Zəngəzur dəhlizinin yanından keçməyi, Azərbaycanın hərbi müdafiə strategiyası üçün böyük önəmə sahib "Bayraqdar" PUA-larını istehsal edən şirkəti sıradan çıxarmağı hədəfləyir.

Əsla şübhə etmirəm ki, 28 mayda- Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümündə Türkiyə xalqı Ərdoğana daha bir dəfə etimad göstərərək Türkiyənin, Azərbaycanın strateji hədəflərinə qarşı plan cızanları məyus və umsuq edəcək.

Onu da çox asanlıqla təxmin edirəm ki, 28 mayda daha bir dəfə Ərdoğana yeniləcək Kamal Qılıncdaroğlu CXP kimi önəmli bir partiyanın başından getməli olacaq. Fəqət Qılıncdaroğlunun yerinə başqa onun başqa bir versiyasının- dövlətini məcaralara sürükləməkdən çəkinməyən, dünyanı düzgün qavramayan, Azərbaycansız Türkiyənin, Türkiyəsiz Azərbaycanın təhdidlər altına düşəcəyini fərq etməyən birinin gəlməməsi üçün yüz ölçüb, bir biçməlidirlər.

Bəli, Qılıncdaroğlu-Çeviköz zehniyyəti Türkiyənin ana müxalifət partiyasından getməlidir.

Türkiyədə ana müxalifət partiyasının liderinin kim olması artıq Azərbaycan cəmiyyətini yaxından maraqlandıran məsələdir və Azərbaycanı sevən CXP üzvləri bu məsələdə tərəddüdə yol verməməlidirlər.

Taleh ŞAHSUVARLI