Qaraqoyunlu Azərbaycan xalqçılığına qarşı: etnosentrik atavizm nümunəsi barədə qeydlər

Çoxdan və öz sahəsində yaxşı araşdırmaçı kimi tanıdığım Yasəmən xanım Qaraqoyunlunun bəndənizə ünvanladığı açıq məktubu böyük təəssüf hissi ilə oxudum. Məsələnin qoyuluşunu, essenin səviyyəsini, xüsusən də mənim etnik etnik mənsubiyyətimi sorğulamaq cəhdini müəllifə qətiyyən yaraşdırmadım. Azərbaycan Respublikasının Konstitusiyasının 44-cü maddəsində hər kəsə milli mənsubiyyətini qorumaq hüququ verilir, 47-c maddədə isə milli, irqi, dini, sosial və digər sferalarda ədavət, düşmənçilik təbliğatı aparılması qadağan olunur. Respublikamızın bütün vətəndaşları qanun qarşısında bərabərdir, o cümlədən irqi mənşəyindən asılı olmayaraq eyni hüquq və vəzifələrə malikdirlər. Öz şəcərəmə görə mən “Gəloxçu” tayfasına- Şərqdə “oxçu xalqı” adlandırılan moğol-türk boylarına aidəm. Mənim əcdadlarım Azərbaycan torpaqlarına ilk dəfə 1222-ci ildə Çormağan noyonun komandanlığı ilə Ulu Çingiz xaqanın ordusu kimi gəliblər. Moğollar Azərbaycan ərazilərinin məskunlaşmasında, xalqımızın tarixində və etnogenizində çox ciddi rol oynayıb, geopolitik baxımdan ərəb xilafətini çökdürməklə regionda türk mənşəli xanədanların yüksəlişinə təkan verib. Elə Yasəmən xanımın soyad kimi istifadə etdiyi türk-oğuz mənşəli Qaraqoyunlular da Təbrizdə dövlət quruban qaldırdıqları bayrağın üstündəki həyat çiçəyi türkmən tayfaları kimi moğol ulusunda da geniş istifadə olunan simvollardan idi. Mən, dediyim kimi, etnik kökənimə görə, moğol-türk mənşəliyəm, amma moğol millətinin nümayəndəsi deyiləm. Məsələnin məğzindən bixəbər olanlarda “bu necə olur” sualı yarana bilər. Sualı cavablamaq üçün tarixə qısa bir ekskurs edək və yaxşısı budur, Qaraqoyunlu Qara Yusifi yada salaq. Qara Yusif etnik mənşəyinə türk idi, oğuz idi, lakin nə türk, nə də oğuz adlanan bir millətə mənsubdu. Orta çağda yaşamış hər hansı şəxsiyyəti hər hansı bir millətə bağlamaq sadəcə olaraq elmi-metodoloji baxımdan böyük qəbahətdir. Millətləşmə- kapitalizmin və modernizmin əsəridir. Kapitalizm sürəcində modernizasiya mərhələsini keçməyən heç bir toplum tarix səhnəsinə millət olaraq çıxmayıb və çıxa bilməz.
Yasəmən xanımın essesindən belə nəticəyə gəldim ki, müəllif millətləşmə prosesi barədə dərin və sistemli biliklərə malik deyil, elə dayaz təsəvvürləri ucbatından millətləşmənin, əslində, etnosentrizmə qarşı bir anlayış olduğunun mahiyyətinə vara bilmir.

Azərbaycanda millətləşmə prosesi xanlıqlarımız Çar Rusiyası tərəfindən işğal olunandan sonra başlayıb. Feodal və patriarxal xanlıqların əhalisinə qarşı rus çarlarının apardığı müstəmləkəçilik siyasəti bütün ağırlığına və şiddətinə rəğmən Mirzə Fətəli Axundovun timsalında Azərbaycan modernizmini üzə çıxardıb. Çar Rusiyası Qacar və Osmanlı imperiyaları ilə müqayisədə daha çox kapitalistləşmiş və moderləşmişdi. Bu xüsusiyyətlər imperiyanın əyalətlərinə də təsirsiz ötüşmədi və xüsusən çarın özünə məmur yetişdirmək üçün müsəlmanların üzünə qapı açması millətləşmə prosesinin avanqardını təşkil edən intelgentsiya formalaşdırdı. Bakıda burjuaziya və fəhlə sinfinin formalaşması, Avropa sistemi ilə təhsil almış gənclərin Gəncədə təşkilatlanması, Şuşadan İrəvanacan torpaq aristokratiyasının çar hakimiyyətinə təbii şəkildə diş qıcaması fonunda gedən milli özünü dərk prosesi Hacı Zeynalabdin Tağıyevin evində keçirilən toplantıda siyasi tələblərə döndü. Bu tələblər Əlimərdan bəy Topçubaşovun liderlyi ilə uzunmüddətli siyasi mübarizənin məzmununu yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə milli dövlət yaratdıq və millətləşmə prosesinin əsas hədəfinə nail olduq.

1917-ci ilin fevralında Rusiyada məşhur fevral inqilabı baş vermiş və Romanovlar tarixə qovuşmuşdu. Rusiyanın dini etiqadınca müsəlman, etnik kökəninə görə türk olan təbəələrinin aqibəti necə olacaq sualı meydana çıxmışdı. Bu sual ətrafında qızğın müzakirələr gedirdi və Bakı Müsəlman İctimai Təşkilatları Şurası Qafqaz Müsəlmanları Qurultayının keçirilməsi ərəfəsində ali tədbirin qərarına təsir etməkdən yayınmaq şərtilə demokratik respublika və ərazi muxtariyyəti tələbini sürdü. Məmməd Əmin Rəsulzadə tərəfindən həm Qafqaz, həm də Ümumrusiya Müsəlmanları qurultaylarında ifadə olun bu tələb təkcə Rusiyada iqtidarı ələ alan neoimperalistlərin yox, “türk birliyini parçalayırsınız”, “ümmətin arasına nifaq toxumu səpirsiniz” deyə, görünür, yetərincə modernləşməmiş zehniyyətlər tərəfindən də süngü ilə qarşılandı. Çox təəssüf ki, bu alayarımçıq zehniyyət hələ də yaşayır, modernləşmədən millətləşməyə aparan yolun məzmununu dərk etməyən, respublikaçılığın, Xalq Cümhuriyyətinin “Azərbaycan” adlanmasının tarixi-siyasi əhəmiyyətini qanmayan, millətləşmə prosesinin ortaya çıxardığı AZƏRBAYCANLI kimliyinə qarşı irqi kökənçiliyin və etnosentrik natamamlıq komplekslərinin atavist pafosu ilə cəbhə açanlar Azərbaycan xalqının ortaq dövlət dilini hələ də “ləhcə”, “şivə” saymaq cəhalətindən qabağa gedə bilmirlər. Qaraqoyunlu yazır: “Ortaq kimliyi yaradan, təşkil edən bütün ünsürlərə qarşı savaş açıldı, adını modernləşmə qoydular”. Zənnimcə, bu cümləni oxuyan savadlı sosioloqlar müəllifin düşüncə sisteminin, beyin yapısının “proqress” anlayışına qarşı komplo nəzəriyyələr icad etdiyinin fərqindədir. Bax, bu cür psevdo türkçülər, yalançı turançılar, yarımçıq etnosentristlər məşhur alman sosioloqu Ferdinand Tönnisin “Camaat və cəmiyyət” əsərində söylədiyi “rasional iradə”nin Azərbaycan Xalq Cümhuriyyəti parlamentini XALQ məfhumu əsasında formalaşdırdığını, müasir Konstitusiyamızın “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir” dediyini unutmuş kimi görsənirlər. Millətaltı ünsürləri- yeni qəbiləçiliyi, tayfaçılığı önə çıxaran, xalqımızı təşkil edən etnik vahidlərin demokratik haqlarından yan keçən, çeşidli istehlak toplumlarını etnik mənsubiyyət əsasında konfederasiyaya çevirmək istəyən düşüncə, dindarların ağzı ilə desəm, gerçək turançılıq deyildir.

Mustafa Kamal Atatürk hər birimizin yüksək ehtiram bəslədiyi, tarixi xidmətləri qarşısında baş əydiyi nadir şəxsiyyətlərdəndir. Onunla ötən əsrin əvvəllərində Azərbaycanda ilhaqçı düşüncənin əsas simalarından biri olan Əhməd bəy Ağaoğlu arasında küskünlüyün səbəbini çoxları bilir. Atatürk Ağaoğluya “sən bizim qoltuğumuza sığınmısan” demiş və bundan sonra araları dəymişdi. Bu cavabı, zənnimcə, Azərbaycanda neo-ilhaqçı düşüncəyə də, 28 aprel 1920-ci ildə Nərimanovların, Əliheydər Qarayevlərin təslimçi zehniyyətinə qarşı da hər zaman xatırlamalı, xatırlatmalıyıq. Fəqət üzünü hansı səmtə tutmasından asılı olmayaraq bu zehniyyətin ortaq bir özəlliyi var- özünü xor görmək, özünü-özünə yadlaşdırmaq. Bizi özümüzə tanıdan, sevdirən və doğmalaşdıran isə “Azərbaycan” məfhumudur. Məmləkətimizdə millətləşmə prosesinin getməsi üçün lazım olan sosial bütövləşmə, dini və məzhəb kimliyinin arxa plana keçməsi, xalqçılığın etnosentrizmə qalib gəlməsi məhz bu məfhumun sayəsində mümkün olub. Odur ki, həm coğrafiyamızın, həm dövlətimizin, həm də xalqımızın və dilimizin adı böyük hərflərlə, qızıl hərflərlə AZƏRBAYCANdır!

Taleh ŞAHSUVARLI