AXCP Azərbaycana qarşı - Lakeylərə lakonik cavab

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirildi. Müzakirələri izlədikcə məndə belə bir təəssürat oyandı ki, tədbiri ABŞ, hətta Ermənistan Respublikası da yox, Daşnaksütyun Partiyası təşkil edib. Çıxışlar qərəzli, arqumentlər tutarsız, təkliflər absurd idi.

Əvvəla, dünyada "Dağlıq Qarabağ" adlı nəinki bir respublika, hətta ərazi də yoxdur. Bu adda bir tədbir təşkil etmək, seperatizmi yenidən körükləməyə çalışmaq dövlət suverenliyini bütün ərazilərində bərpa etmiş Azərbaycana qarşı sözün birbaşa mənasında təxribatdır. Əgər ABŞ kimi qüdrətli bir dövlət Cənubi Qafqazda öz maraqlarını bu cür təxribatlar vasitəsi ilə təmin edə biləcəyini zənn edirsə, çox yanlış düşüncədədir.

İkincisi, ABŞ-ın Azərbaycanı güc tətbiq etməkdə, "Laçın dəhlizini bağlamaqla etnik ermənilərdə stress və xəstəliklər yaratmaqda" suçlaması Vaşinqtonun 30 il boyunca Cənubi Qafqazın çibanına dönmüş konfliktin çözülməsindən keçirdiyi təşvişin nəticəsidir.

Üçüncüsü, əgər ABŞ-ı narahat edən həqiqətən də Azərbaycan ərazilərini tərk etmiş etnik ermənilərin aqibətidirsə, o zaman bu barədə daha rasional və balanslı mövqe bildirə bilərdi. Bunun üçün Vaşinqton SSRİ dövründə Qarabağda yaşayan və ağır cinayətlərdə iştirak etməyən erməniləri, onların varislərini Azərbaycan vətəndaşlığını qəbul etməyə səsləməli, Ermənistana isə zorla deportasiya olunan azərbaycanlılara qayıdış imkanları yaratmağa çağırışı etməli idi.

Fəqət ABŞ öz hikkəsini Azərbaycanın dövlət müstəqilliyinin fövqünə çıxararaq rəsmi Bakıya hədə gəlir, hər paytaxtda üzərinə bir öhdəlik götürüb sonucda yerinə yetirməkdən yayınan Ermənistanın ağzına baxmağı təklif edir.

Palatadakı "müzakirələr" açıqdan-açığa onun göstərirdi ki, ABŞ Azərbaycanın öz suveren haqlarını öz resursları və qətiyyəti hesabına təmin etməsindən bərk narahatdır. Ancaq bir azərbaycanlı bundan narahat olmalıdırmı? Olmamalıdır, ancaq var!

ABŞ-ın Nümayəndələr Palatasındakı "dinləmə" adı altında təşkil olunan "xox gəlmə mərasimi"ni Youtube kanalından yayımlanan Sevinc Mirzəyeva Azərbaycanı Ermənistana hücum edəcəyini vurğulayır, "sülhsevər dünya"nın bu ehtimala qarşı rəsmi Bakıya qarşı birləşməsindən dəm vururdu. AXCP-ni Mirzəyevanın sevincinə şərik etmək üçün isə, görünür, ABŞ-ın Azərbaycandakı səfirliyinə bir qədər vaxt lazım oldu. Silahlı Qüvvələrimizin Xankəndidə keçirdiyi möhtəşəm paraddan ovqatı təlx olaraq Laçında "günah keçisi" axtaran Əli Kərimli özünə yenidən müavin seçərək bütün milli və universal dəyərlərə gerçək münasibətini simasında ifadə etdiyi Fuad Qəhrəmanlını qabağa verdi.

Fuad Qəhrəmanlı "Azadlıq qəzeti" adlı Facebook səhifəsində eynilə belə yazır: "Azərbaycan get-gedə ikinci Belarusa çevrilməkdədir".

Ədəbi mətnlərdə olduğu kimi, siyasi çıxışlarda və təhlillərdə də ilk cümlə olduqca önəmlidir. İlk cümləsinin qeyri-sərrastlığı "təhlil" deyə oxuculara sırınan mətnin primitiv konyukturaya xidmət edən söz yığınağı olduğunu az-çox düşüncə qabiliyyəti olan hər kəsə bəribaşdan bəlli edir. Hər şeyi bir kənara qoysaq, Azərbaycanın və Belarusun dövlət ontologiyası o qədər fərqlidir ki, nəinki dünyanın fiziki, hətta kainatın, əgər varsa, metafiziki gücləri belə nə Azərbaycanı ikinci Belarusa, nə də Belarusu ikinci Azərbaycana çevirə bilər. Belə bir iddiada bulunmaq yumşaq desək, küt beyin məhsuludur.

Əli Kərimlinin müavini daha sonra deyir:

"Son aylar ərzində isə Azərbaycanın xarici siyasətində Rusiya ilə açıq aşkar yaxınlaşma və anti Qərb ritorikasının qabarması, ənənəvi balans siyasətinin ortadan qalxdığını göstərməkbundıdir".

Son aylar Azərbaycan Rusiya ilə "açıq-aşkar" yaxınlaşdığını söyləmək xeyli dərəcədə mübahisəlidir. Ancaq regionun iki dövləti arasında belə bir yaxınlaşma varsa, bunu nə narahatlıqla qarşılamağa gərək var, nə də ənənəvi balans siyasətinin aradan qalxması kimi təqdim etmək. Əgər Rusiya hazırda "Dağlıq Qarabağ" terminindən imtina edir, Azərbaycanın ərazilərini rəsmi adına uyğun göstərir, keçmiş DQMV üzərindəki hüquqlarımıza sayğılı mövqe nümayiş etdirirsə, bu, əlbəttə, münasibətlərin istiləşməsinə səbəb olmalıdır və olur. Bunun qarşılığında ABŞ Nümayəndələr Palatasında "Dağlıq Qarabağın gələcəyi" adlı tədbir düzənləyir, "Dağlıq Qarabağ" arxaizmini Azərbaycanla münasibətlərində "açar söz" elan edirsə, bu zaman tutduğu mövqenin Azərbaycanda doğuracağı etirazı da hesablamalıdır.

Qəhrəmanlının "şərh"inə görə, ABŞ rəsmi Bakıya qarşı ona görə qəzəblidir ki, Üçtərəfli Bəyanatdan sonra ölkəmizin cüzi bir hissəsində Rusiyanın Sülhməramlı Kontingenti yerləşib. Çox pakizə! RSK-nın Azərbaycana yerləşmə səbəbləri aradan qalxıb, Azərbaycan bu amilləri ATƏT-in axirətdə olan Minsk Qrupunun bütün həmsədr ölkələrinə rəğmən aradan qaldırıb. RSK-nın Qarabağ iqtisadi rayonunda qalma müddəti bəllidir. Çox güman ki, gələn ilin başlarında şələ-şülələrini də götürüb gedəcəklər. Ancaq Ermənistanda Rusiyanın hərbi bazaları mövcuddur, üstəlik, Ermənistan KTMT ölkəsidir. Əcəba, ABŞ niyə bundan narahat olmur? Eyib olmasın, buna deyirlər, zurnanın "zırt" elədiyi yer!

Ancaq AXCP funksioneri bir yazısında heç də bircə dəfə "zırt" eləmir. Qəhrəmanlı rəsmi Bakını Rusiyadan savayı, İranla da birləşərək Qərbin Cənubi Qafqazda güclənməsinə qarşı çıxdığı barədə "qoxu yayır". Azərbaycan az qala Tehrandakı səfirliyini bağlayıbsa, DTX həftə yeddi, mən səkkiz əməliyyat keçirərək İranın agentura sistemini darmadağın edirsə, teokratiya ilə yanaşı, İİR-in regional nüfuzunu da yerlə bir edən biziksə, bu birgəlik nədə ifadə olunur, görəsən? Əgər doğrudan da Azərbaycan İranla işbirliyi içindədirsə, nədən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına qarşı çıxmayan Tehran mollaları Ermənistandan bəhs edəndə "qırmızı xətt"dən danışırlar? Nəhayət, Tehranla regiondakı dövlətlərin münasibətlərinə belə həssas yanaşırsa, İranın Ermənistana hər cür dəstək verməsi nədən Qərbin heç vecinə də deyil?

Əlbəttə, bu məntiqiz, faktsız, arqumentsiz, hətta mübahisəyə belə layiq olmayan "manifest"ə əhəmiyyət verməmək olardı. Ancaq Fuad Qəhrəmanlı imzası ilə təqdim olunmuş ABŞ səfirliyinin "noyabr tezisləri"ndə sözün bütün mənalarında həddini aşan bir hədyan var:

"Müzakirələrin gedişindən belə məlum olur ki, Azərbaycanın Qarabağdakı hərbi addımları ilə bağlı müxtəlif istiqamətlərdə araşdırma və faktların toplanması üçün Dövlət Departamentində mərkəzləşdirilmiş fəaliyyət həyata keçirilir. Bu isə onun anonsudur ki, əgər Azərbaycan bundan sonra da Moskvanın vassalı kimi davranmaqda davam edəcəksə və Ermənistanla sülh razılaşmasına gəlməzssə, o zaman ABŞ Qarabağdakı müharibə faktından Azərbaycana qarşı daha sərt qərarlar vermək üçün istifadə də bilər.

Azərbaycanın öz suveren ərazilərini "Moskvanın vassalı" kimi azad etdiyini düşünmək azərbaycanlı zəkasının məhsulu sayıla bilməz- bu, birmənalıdır. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanmamasında rəsmi Bakını suçlu elan etmək əsl siyasi lakeylikdir. Məhz lakey xisləti Fuad Qəhrəmanlıya və onun mənsub olduğu partiyanın rəhbərliyinə imkan vermir başa düşələr ki, Azərbaycanın balans siyasəti Qərblə Rusiya arasındakı geopolitik savaşın hansı fazada getməsinə bağlı deyil və dövlətin strateji maraqlarına, ontoloji fəlsəfəsinə əsaslanır. Azərbaycan kiminsə yanında, yaxud qarşısında yer almadan öz dövlət maraqlarından çıxış edir, dünyanı vaxtında və düzgün oxuyaraq qlobal nüfuz savaşında müstəqil mövqeyini gücləndirir.

Taleh ŞAHSUVARLI