Qazaxın 4 kəndinin dinc yolla qaytarılması Prezident İlham Əliyev diplomatiyasının uğurudur

Bu il aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə anklav olmayan kəndlərin bir güllə atılmadan, qan tökülmədən və heç bir vasitəçi olmadan Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. Özü də bu, bölgədə gərginlik yaratmaq istəyən və bu gün də davam edən Qərbin aktivliyi şəraitində baş verdi. Çünki Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi Qalib Komandanımızın, Prezidentimizin diplomatiyasının uğuru, zəfəridir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addımlardan biridir.

Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy göstərir. Bu tarixi Qələbə həm də onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq. Və bununla da Prezident İlham Əliyev bir daha göstərdi ki, Onun rəhbərlik etdiyi Azərbaycan regionun təhlükəsizliyinə səbəb olacaq təhdidləri aradan qaldırmaq iqtidarındadır. Beləliklə də, Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı mayın 24-də Azərbaycana qaytarılıb. Bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Və bu uğura Prezident İlham Əliyevin praqmatik xarici siyasəti və diplomatiyası nəticəsində nail olunub. Ona görə də demək olar ki, Azərbaycanın 4 kəndinin də işğaldan azad edilməsi barədə əldə olunmuş razılıq, məhz Prezident İlham Əliyev diplomatiyasının uğurudur.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27–də başlanan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə, 2023-cü ilin sentyabrında cəmi 23 saat davam etmiş lokal antiterror tədbirləri nəticəsində bütün ölkə üzrə suverenliyimiz bərqərar oldu. Xankəndi və ətrafı erməni separatçılarından tamamilə təmizləndi. Birinci kapitulyasiya 10 dekabr 2020-ci il paradı ilə qeyd edildisə, ikinci kapitulyasiya 8 noyabr 2023-cü ildə Xankəndi paradı ilə qeyd edildi, Rusiya sülhməramlıların bölgədən çıxmasından sonra 4 anklav olmayan kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış geri qaytaran Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Çünki Qalib Komandan, Prezident İlham Əliyev nəyi, nə zaman etmək lazım olduğunu çox gözəl bilir və verdiyi sözü əməlləri ilə xalqına təqdim edir. Dövlətimizin başçısı bununla bir daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, dövlətimiz öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaq. Eyni zamanda, regionun, bütövlükdə dünyada ədalətliliyin təbliğatçısı kimi çıxış etməkdə davam edəcək. Bir addım belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu - Torpaqlarımızdan getmək!. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Bu gün Azərbaycanın müdrik siyasi lideri var. Və ölkə başçısının dediyi kimi: «Sözümüz də imzamız kimi etibarlıdır. Çox çəkməyəcək, Zəngəzur dəhlizi də açılacaq. Bu Azərbaycanın hədəfindədir. Bunun da real olacağına heç bir şübhə yoxdur”.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatının sədri