Leyla Əfəndiyevanın qınağı - Mətbuat Şurası sədrinin məqaləsi

Caz festivalının icraçı direktoru, “Caz dünyası” jurnalının baş redaktoru Leyla xanım Əfəndiyevanın dərin narahatlıq içərisində jurnalistlərə etdiyi müraciətini oxudum və bu barədə bir neçə söz deməyi özümə borc bildim.

Məsələ bu günlərdə Leyla Əfəndiyevanın sosial şəbəkədə azərbaycanlı müğənni, “I am Jazzman” yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhəddini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini tapmayan başsağlığı tipli xəbər yaymasından sonra başlayıb. Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə gənc müğənninin faciəli ölümündən mən də dərin kədər hissi keçirmiş, bərk təəssüflənmişdim. Xəbər yayılar-yayılmaz bir sıra fəal sosial şəbəkə istifadəçisi tez-tələsik öz hiddət və qəzəbini bildirən status yazmışdı. Eyni zamanda bir sıra tanınmış media subyekti də Leyla Əfəndiyevanın bu xəbərini yaymış, məsələyə münasibət bildirmişdi. Lakin çox keçmədən aydın oldu ki, yayılan xəbər təsdiqini tapmır. Bundan sonra Leyla Əfəndiyeva da bu feyk xəbərin yayılmasından ciddi narahatlığını bildirdi, məyusluq içərisində öz təəssüfünü ifadə etdi.

Leyla Əfəndiyeva tanınmış şəxsdir, bir media subyektinə rəhbərlik edir, jurnalistlərlə mütəmadi təmasda olur. Onun müraciətindəki narahatçılığı təbii ki, tamamilə anlayışla qarşılayırıq. Amma eyni zamanda bir məqamı da vurğulamaq lazım gəlir: baş verən bu hadisə bir daha göstərir ki, müəyyən ictimai öhdəlikləri olan tanınmış şəxsindən tutmuş ən sıravi vətəndaşına qədər hər bir fərd sosial şəbəkədə öz məsuliyyət hissini həmişə gözləməlidir.

Leyla Əfəndiyevanın yazdıqlarının doğruluğuna, dəqiqliyinə təbii ki, bizim jurnalistlər də, media subyektləri də inanıblar və daşıdığı ictimai status media təmsilçilərində onun yaydığı xəbərin səhihliyinə əminlik yaradıb. İndi Leyla Əfəndiyeva feyk olduğu ortaya çıxandan sonra media subyektlərini bu xəbəri silmədikərinə, onu öz səhifələrində saxlamaqla o ailəyə dərin kədər bəxş etməkdə davam etdiklərinə görə qınayır. Leyla xanım qınağında onu da vurğulayır ki, media subyektləri nəyə görə mədəniyyətlə bağlı paylaşımlara diqqət ayırmırlar, amma belə bir bəd xəbəri yaymaqda fəallıq göstərirlər? Qeyd edim ki, bu məqam neçə illərdir bizim medianın ən ciddi problemlərindən biri olaraq qalır. Hələ 2013-cü ildə cənab Prezidentin Azərbaycanın media rəhbərləri ilə görüşü zamanı çıxış edərkən mən də bu məsələyə toxunmuş, bizim saytlardan birinin bir şairin ölümü barədə yazdığı yalan xəbəri xatırlatmış, o yalan xəbərin yayılmasının üstündən iki il vaxt keçdiyini, amma o şairin hələ də həyatda olduğunu söyləmiş, həmkarlarıma bəd xəbərlər yaymağa tələsməməyi tövsiyə etmişdim. O vaxt dediklərim mediaya ünvanlanmış səmimi, təəssübkeş bir çağırış idi.

Artıq sosial media istifadəçilərinin də xəbər yayıcılarına çevrildiyi indiki vaxtda isə hər kəsin, xüsusən də cəmiyyətdə tanınan, ictimai məsuliyyətli şəxslərin hər hansı bir xəbər, məlumat paylaşarkən daha çox diqqətli olması çox vacibdir. Niyə məhz bu tipli xəbərlərin daha tez yayılmasına gəlincə, qeyd etməliyik ki, bu gün jurnalistikada, xüsusən də sosial mediada xəbər yayarkən o xəbərin daşıdığı ictimai yükdən əvvəl, onun yarada biləcəyi hay-küyə, sensasiyaya, qışqırtıya daha çox önəm verilir. İstəsək də-istəməsək də, media diqqəti cəlb etmək üçün belə hay-küylü, belə “qeyri-adi” xəbərlər yaymaqda həmişə maraqlı olub. Bu mənada həm indi baş verən hadisənin yaratdığı narahatlıq, həm də Leyla xanımın bu narahatlıqdan doğan müraciəti saxta xəbərlərin çoxaldığı indiki dövrdə hər kəsi dediyi hər kəlmənin, yazdığı hər sözün məsuliyyətini maksimum dərəcədə anlamağa vadar edir.

Xatırlatmaq istərdim ki, “Media haqqında Azərbaycan Respublikasının Qanunun”da ilk dəfə anlayış verilmiş media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni özündə ifadə edir. Hər yayılan xəbərin doğruluğuna inanmamaq media savadlığının tələbidir. Bu anlayış bütün tanınmış şəxslərdən, sosial şəbəkə istifadəçilərindən də böyük məsuliyyət tələb edir.

Bütün bunları xatırladaraq baş verən bu son hadisəyə görə dərin təəssüfümüzü bildirir, ilk növbədə medianın belə məsələlərdə daha həssas olmasını arzulayırıq. Eyni zamanda, Leyla xanım Əfəndiyevanın şəxsində bütün sosial şəbəkə istifadəçilərini, o cümlədən ictimaiyyətin tanıdığı, sözünə inam bəslədiyi kəsimi belə xəbərlər yayarkən tələsməməyə və təmkinli olmağa dəvət edirik.

Rəşad MƏCİD,

Mətbuat Şurasının sədri