"...böyük boşluqlar var" "...böyük boşluqlar var"
  • Fanat
  • 23 Oktyabr 2018 13:23
  •  1 667

Stuxlik maaşına uyğun "yağ-bal"ı hakimlik sisteminə də tətbiq etməlidir - Müsahibə

"...böyük boşluqlar var"

Sabiq beynəlxalq dərəcəli hakim, “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun AzNews.az saytına müsahibəsi:

- Fritz Stuxlikin gəlişindən sonra hakimlikdə nəsə dəyişiklik hiss etmisizmi? Yoxsa hələ diqqət çəkən bir şey yoxdur?

- Yeni sədrin, yeni strukturun fəaliyyətinə qiymətin verilməsi üçün bir qədər zaman lazımdır. İndiki durum onu göstərir ki, hələ komitə formalaşdırılmayıb. Bu da elə də müsbət məqam deyil. Çempionat gedir və klublar üçün hər xal önəmlidir. Struktursuz bu sahəni idarə etmək, inkişafa nail olmaq mümkünsüzdür. Oyunlarda hakim səhvləri, aşağı liqalarda, uşaq futbolunda idarəçilik, təşkilatçılıqla bağlı acınacaqlı durumu hər kəs bilir. Avstriyalı maaşına uyğun "yağ-bal"ı hakimlik və inspektorluq sisteminə də tətbiq etməlidir. Əks halda, digər əcnəbilər kimi milyonlar süpürüləcək, yerində isə bataqlıq qalacaq.

- Xaqani Məmmədovun Hakimlər Komitəsindən gedişinə münasibətiniz necə oldu, sevindizmi?

- Sözümüzü zamanında, vaxtında bildirmişik. Gedənin arxasınca danışmazlar. Əsas, ümumi futbolun, hakimliyin inkişafıdır. Qələbələrə, uğurlara sevinmək lazımdır, kimlərinsə gedişinə, gəlişinə yox...

- “Qarabağ” son turda “Səbail”ə qalib gəlsə də, reqlamenti pozduğu üçün böyük ehtimalla, texniki məğlubiyyət alacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əlavə oyunçu məsələsi haqda danısarkən "hakimlər də diqqətli olmalıdır" deyib. Bu cür məsələlərdə hakimlərin rolu, məsuliyyət dərəcəsi nə qədərdir?

- Tək Premyer Liqa deyil, texniki məğlubiyyətlər uşaq futbolundan başlayaraq kütləvi hal alıb. Bu da klublarla yanaşı, ümumi futbolda baş verən proseslər, yarıtmaz idarəçiliklə bağlıdır. Hər kəs öz işində, sahəsində diqqətli, məsuliyyətli olmalıdır. Ümumi futbol idarəçiliyi, klub-komanda anlayışında böyük boşluqlar var. Bunun da əsas səbəblərindən biri futbolda təsadüfi adamların, futbolu dərindən bilməyənlərin çoxluq təşkil etməsidir. Peşəkar klub baş məşqçi, köməkçilər, futbolçulardan ibarət deyil, böyük strukturdur. Səhvlər hər yerdə ola bilər, peşəkarlıqda səhlənkarlıq isə yolverilməzdir. Qurban Qurbanovun da bildirdiyi kimi, belə hallar mənfi təsir edir. Komandanın, futbolçuların qazandığı halal qələbələr məsuliyyətsizliyə görə əldən verilməməlidir. Bu məsələdə hakimlər texniki zonada futbolçu, ümumi qaydalara uyğun saya, forma geyiminə və s. nəzarət edirlər. Protokolda heyətin doldurulmasına, futbolçulara cavabdeh klubdur və rəsmi imzaları ilə heyəti təsdiq edirlər. Protokola uyğun futbolçuların da texniki zonada olmasını təmin etməlidirlər. Bu, ilk olaraq komandanın öz marağındadır və hakimlərə arxayın olunmamalıdır. Digərlərinin yeri VİP, tribunadır. Hakimlər texniki zonaya say baxımdan nəzarət etsələr də, futbolçuları üzdən tanımaq məcburiyyətində də deyilllər. Hakimlər özlərinə uyğun nəzarəti pozublar, klub isə protokola qeyd edilməyən futbolçunu meydana buraxıb. Hər iki tərəfin səhvə, səhlənkarlığa görə cəzalandırılması qaçılmazdır. Futbolun qanunları var və buna uyğun da qərarlar veriləcək.

- Səhv etmirəmsə, Stuxliklə görüşünüz olub. Sizə Azərbaycan futbolunun hakimliyində hansısa vəzifə, iş təklif olunubmu? Ya da başqa bir sual: Hakim-inspektor kimi fəaliyyət göstərə bilərsizmi?

- Yeni sədrlə deyil, AFFA rəhbərliyi səviyyəsində avstriyalının iştirakı ilə görüşümüz olub. Bu barədə mətbuatda açıqlamalar, fkirlər olub. Komitə üzvlüyü təklif olunub və təşəkkürümü bildirərək, bundan imtina edərək, səbəblərini də geniş toplantıda əsaslandıraraq bildirmişəm. Onu bildirim ki, yeni strukturda komitə üzvləri maaşlı fəaliyyət göstərəcəklər. Futbolda isə bizim işimiz tək hakimlik sahəsi deyil. Müstəqil Azərbaycanın ilk beynəlxalq dərəcəli hakimlərindən biri olmaqla yanaşı, uşaq futbolu, təşkilatçılıq, idarəçilikdən tutmuş, klub rəhbərliyi səviyyəsinə kimi çalışmalarımız var. Qeyd olunan təklifi biz 90-ların ilk illərindən keçərək, bu günlərə gəlmişik. "Bir parça çörək" psixologiyası Azərbaycan futbolunu məhv edib. Futbolumuzun ən böyük problemlərindən biri də peşəkarlıqla yanaşı, şəxsiyyət problemidir. Ona görə də, 10-15 ilə milyardlar qarşılığında daha böyük uğurlar qazanılmadı. Bacarıqlıların sıxışdırılması, "baş üstə"lərin canfəşanlığı sayəsində Azərbaycan futbolu açıq "Bakı birinciliyi"nə möhtac qalıb.

Şahin Cəfərov

© AzNews.az