Günlərdir Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Azərbaycan Beynəlxalq Bankı”nın qarşısında izdiham müşahidə olunur. Günlərdir Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Azərbaycan Beynəlxalq Bankı”nın qarşısında izdiham müşahidə olunur.

Bakıda bu adamlara cəhənnəm əzabı verilir – Tələbə valideynlərinin günahı nədir? (Fotolar)

Günlərdir Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Azərbaycan Beynəlxalq Bankı”nın qarşısında izdiham müşahidə olunur.



Yüzlərlə insan ali təhsil ocaqlarına ödəniş etmək üçün növbəyə dayanırlar.

Paytaxtda kəskin istilərin hökm sürdüyü bir vaxtda, insanlar saatlarla günəşin altında dayanmağa məcbur olurlar. Növbə çəkərkən halı pisləşən, özündən gedən adamlara da rast gəlmək mümkündür.

Ödəniş həyata keçirmək üçün gələnlər AzNews.az-ın əməkdaşıyla söhbət edərkən deyiblər ki, gün ərzində bəzən bir neçə dəfə gəlib qayıdırlar, növbə tuta bilmirlər. Bildiriblər ki, ödənişləri bankın yalnız bu filialına ödəmək mümkündür. Lakin bank əməkdaşlarının çox ləng işləməsi, bəzən sanki bilərəkdən prosesi gecikdirmələri tələbələr və onların valideynlərinə əsl cəhənnəm əzabı yaşadır. Valideynlər iddia edir ki, bankın ləng işləməsi, insanları gəl-gedə salması universitetlə öz aralarında olan "alverlə" bağlıdır.

Övladı Azərbaycan İnşaat və Memarlıq Universitetinə qəbul olan valideynlərdən biri dünəndən bu günə 2 dəfə bura ödəniş etmək üçün gəldiyini deyib: "Dünən yoldaşım gəlmişdi, qayıtdı. Gözləyib burada, bank bağlanıb deyə qayıdıb. Bu gün də yenidən gedib universitetdən sənəd alıb gəlmişik. İndi növbəyə yazılmışıq gözləyirik. Bizə başqa filiala ödəniş etmək barəsində heç nə deməyiblər, bilmirik. Bu bankı deyiblər deyə, bura gəlmişik.
Əgər bu gün də çatdırmasalar, yenidən həmin universitetə getməli və qəbz götürməliyik. Qəbzdə göstərilən tarixdə ödəniş etməliyik. Avqustun 25-nə kimi ödəniş vaxtı bitir. Sabah ancaq saat 16:00-a kimi ödəniş olacaq. Sonra isə qəbul edilməyəcək. Amma düşünürəm bu cür işləməklə vaxtı bəlkə uzatdılar".

Digər bir valideyn isə bank əməkdaşlarının çox ləng işlədiyindən narazılıq edib:
"Mən növbədə 80-ci adamam. Amma bu gedişlə bizi çox gec içəri qəbul edəcəklər. İçəri də buraxmırlar ki, gedək soruşaq bu gecikmənin səbəbini... Sadəcə deyiblər ki, yazın, gözləyin. Biz də gözləyirik. Dünən gəlmişdik, gec oldu deyə qayıtdıq. Elə ləng işləyirlər ki, işlər çox gec bitdi. İçəridəki işləyənlərin sayını və sürətini artırsalar belə olmaz. Ancaq bu banka ödəniş etməlisiniz deyiblər. Başqa filiallara da ödəniş edilsəydi, bu istidə "bişməzdik".
Hər dəfə bura gələndə əlavə 5 manat, 2 manat ödəyirik. Heç bilmirik nəyə görədir bu ödədiklərimiz. Təbii ki, qəbz alanda da ödəniş edirik. Dünən axşam çağı burada olsaydınız, o qədər haqsızlıqları müşahidə edərdiniz ki... - Ürəyi gedənlər, haqsızlığa uğrayanlar. Oğlum İnşaat və Memarlıq Universitetində tələbə adı qazanıb, ödəniş etməliyik. Amma bizi bu qədər gözlədirlər. İçəridə nə proseslər gedir hələ bilmirik. Əslində içəri 15-15 buraxırlar. Amma o da gecikdirir".

Tovuz rayonundan gəldiyini deyən valideyn də gözlədilməkdən, haqsızlıqdan şikayət edib:
"Dünən gəldik gördük adam çoxdu qayıtmalı olduq. Bu qədər insanı belə gözlətmək olar? Bir insanın işi üstündə 1 saatdan çox əlləşirlər. İşi sürətləndirmək əvəzinə elə bil qəsdən yubadırlar".

Bölgələrdən gələn valideynlərdən biri içəridə işləyənlərin sayının az olduğundan şikayət edib, etirazını bildirib:
"İki nəfərlə bu işlər görülüb bitməz axı. Biz də günün istisində bu qədər gözləməzdik. Dünən də gəlib qayıtmışam. Yenə qayıtmalıyam?! 2 kassa bu qədər insan üçün çox azdır. Orada biraz daha sürətli iş getməlidir".

Bankın baş mütəxəssisi Adil Əmirov isə ittihamları qəbul etmir:
"Dünən 19:00-a kimi işləmişik. Halbuki işi 17:00-da yekunlaşdırmalıydıq. Heç də gec iş getmir. Ödəniş etməyən, qəbul olunmayan insan qalmamışdı. O ki qaldı ürəyi gedənlərə, hava istidir, istidən olub. Qayıtmışıq deyənlər axıra qədər gözləməyib gedənlərdir. Əgər kimsə adam çoxdur deyə qayıdıbsa, biz nə edə bilərik? Dünən 300-400 adamı qəbul etmişik. Hər birinin də yanında 2-3 nəfər də gəlir. Ailəlikcə girirlər içəri. Ona görə də belə yığılırlar. 300 nəfər ödəniş olursa 700 nəfər adam dayanır".

Bu insanların niyə bir filiala yönəldirilməsi, insanların əziyyətləri, "qəbz", "növbə" oyunlarıyla min bir əzaba düçar edilməsi barədə heç bir qurum izahat vermir. Məsələn, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Cəsarət Valehov AzNews.az-a açıqlamasında ali təhsil ocaqlarına ödənişlərin sözü gedən quruma aidiyyəti olmadığını deyib.

Universitetlər də demək olar ki, eyni fikri söyləyirlər. Məsələn, Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bu məsələnin ali təhsil ocağına yox, banka aid olduğunu deyir:

"Bu bankla bağlı olan məsələdir. Bizdən aslı olan məsələ deyil. Ali təhsil ocaqları banklarla müqavilə bağlayır. Bu mexanizmdə hansı filialda ödəniş edilməsi, harada mümkün olması məsələsi tamamilə banka aiddir.

Mühasibatlıqla məşğul olan şöbədə ödənişin hesab köçürülməsini təsdiq edən bank sənədi (qəbz) məqbul hesab edilir. Əgər ödəniş oturulursa, heç bir problem yoxdur. Yenə deyirəm bu bankın öz məsələsidir.

Əgər tələbə adı qazananlar və ya valideynləri bankın başqa filiallarında ödəniş edə bilmirsə, bununla bağlı biz heç nə edə bilmirik. Bizim bir mexanizmimiz yoxdur ki, bunu tətbiq edək. Sadəcə biz müqaviləni bağlamışıq, bu da bankın öhdəliyindədir. Bank onlar üçün şərait yaratmalıdır. Mən bildiyimə görə "onlayn" ödəniş də mümkündür. Digər variantlar da var. Sadəcə gərək vətəndaşlar bankla əlaqə yaradıb digər alternativ variantları həyata keçirməyə çalışsınlar".

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının Yasamal rayon fillialında 3 ali məktəbin - Azərbaycan İnşaat və Memarlıq, Bakı Dövlət və Azərbaycan Texniki Universitetinin təhsil ödənişləri qəbul edilir.

Aygün İlqarqızı