“Azərbaycanda təhsil haqqında qanun hələ distant təhsili tam tanımır” – Məzahir Məmmədli

"Azərbaycanda fəaliyyət göstərən universitetlərin sayı təxminən 51-dir. Bu universitetlərin 7-8-i hərbi təhsil müəssisələridir; qalanların isə əksəriyyətinin maddi-texniki bazası eyni səviyyədədir. Yəni, yeni yaranmış özəl universitetlərin laboratoriyaları və infrastrukturu müasir standartlara cavab vermir. Digər bir problem isə odur ki, ölkəmizdə təhsil haqqında qanunda hələ onlayn, yəni distant təhsil tam qüvvəyə minməyib. Bu da müəyyən çətinliklər yaradır. Əgər distant təhsil qanuniləşsə, universitetlər beynəlxalq təcrübədən yararlana, xarici universitetlərin müəllim və professorlarının mühazirələrini tələbələrə təqdim edə bilərdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı artsa da, təhsilin keyfiyyəti ilə bağlı narazılıqlar davam edir. Universitetlər hər il minlərlə məzun hazırlayır, lakin əmək bazarı onların əksəriyyətini qəbul etmir. Nəticədə ali təhsilin əsas məqsədi — praktik bilik və bacarıq qazandırmaq — arxa plana keçir. Diplom almaq bir məqsəd, bilik qazanmaq isə ikinci plana keçən tendensiyaya çevrilib.

Təhsil eksperti bildirib ki, hazırda bu imkanlar mövcud deyil.

"Məsələn, Qazaxıstan və Türkmənistan kimi ölkələrdə universitetlər beynəlxalq əlaqələr vasitəsilə tələbələrin xaricdən mühazirələr dinləməsini təmin edir və bu, tədrisdə yaranan problemləri müəyyən qədər həll edir. Azərbaycanda isə universitetlərin maddi-texniki bazası və laboratoriyaları kifayət qədər inkişaf etməyib. Eyni zamanda, universitetlər əmək bazarının tələblərinə uyğun məzunlar hazırlaya bilmir. Müəllim heyətinin böyük əksəriyyəti 60-70 yaş arasındadır, bəzi hallarda isə 80-ə çatır. Bu da yeni nəsil üçün motivasiya yaratmır; gənclərin tədris, tədqiqat və elmi fəaliyyətə marağı azalır. Magistratura səviyyəsinə qədər müəyyən sayda tələbə qalır, lakin doktorantura və elmi fəaliyyətə cəlb olunanlar çox azdır. Azərbaycan universitetlərinin keyfiyyətli kadr yetişdirməsi üçün yeganə çıxış yolu distant təhsil vasitəsilə beynəlxalq təcrübədən yararlanmaq, xarici universitetlərin tanınmış professor və müəllim heyətini cəlb etməkdir. Bu həm də beyin axınının qarşısını almağa kömək edə bilər. Hazırda Azərbaycanda tədrisin keyfiyyəti aşağı, illik ödənişlər isə 8-10 min manat civarındadır ki, bu da prestijli xarici universitetlərin ödənişləri ilə müqayisədə yüksəkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az