- Siyasi müzakirə
- 19:06
- 2 312
“Paşinyan həm Moskvanı, həm də daxili rəqiblərini hazırlıqsız yaxalamağa çalışır” – Elçin Mirzəbəyli
“Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılsa da, Nikol Paşinyanın bu prosesi qabaqlayaraq növbədənkənar seçkilərə getmək niyyəti ehtimal da olsa bir neçə aspektdən dəyərləndirilə bilər.
Əvvəla, son aylarda Ermənistanda sosial və iqtisadi gərginlik, həmçinin siyasi məyusluq hissi artmaqdadır. “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi enməkdə, hökumətin sosial dayaqları intensiv olmasa da zəifləməkdədir. Belə bir şəraitdə Paşinyan üçün növbədənkənar seçkilər bir növ reytinq tənəzzülünü qabaqlamaq üçün atılan addım xarakteri daşıya bilər. Əgər növbədənkənar seçki ehtimalı doğrudursa, ola bilsin ki, Paşinyan reytinqinin daha da aşağı düşməsini gözləmədən, mövcud nisbi üstünlüyünü qorumaq və hakimiyyətini yenidən legitimləşdirmək istəyir. Bu, siyasi texnologiyada proaktiv müdafiə adlandırılan strategiyadır. Yəni böhranı dərinləşmədən önləmək”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Xatırladaq ki, Ermənistanda 2026-cı ilin iyununda keçirilməsi planlaşdırılan parlament seçkilərinin önə çəkiləcəyi bildirilir. “Hraparak” yazır ki, Baş nazir Nikol Paşinyan növbədənkənar seçkilər keçirməyi planlaşdırır. Məlumata görə, bu dəfə seçki qərargahına müdafiə naziri Suren Papikyan deyil, baş nazirin aparat rəhbəri Araik Arutyunyan rəhbərlik edəcək. Bu addım Paşinyanın həm siyasi rəqibləri, həm də Moskvanı hazırlıqsız yaxalamaq niyyəti ilə izah olunur.
Deputatın sözlərinə görə, Paşinyanın bu addımı təkcə Moskvanı fakt qarşısında qoymaq məqsədi daşımır.
"Bu həm də daxili auditoriyaya hesablanmış imic oyunu ola bilər. Paşinyan “Rusiyadan asılı olmayan, qərbyönlü və demokratik lider” obrazını gücləndirməyə çalışır. Bu obraz həm Qərbin siyasi dəstəyini təmin etməyə, həm də Ermənistan cəmiyyətində Qərbə simpatiya bəsləyən seçici təbəqəsinin rəğbətini qazanmağa xidmət edir.
Paşinyanın son illərdə apardığı siyasət balanslı, lakin ziddiyyətli xarakter daşıyır. O, bir tərəfdən Qərbə yaxınlaşmaqla Rusiyanın hegemon təsirindən xilas olmağa, digər tərəfdən isə Moskva ilə açıq qarşıdurmadan qaçmağa çalışır. Növbədənkənar seçkilərin gündəmə gətirilməsi bu balans oyununda növbəti mərhələdir. Paşinyanın növbədənkənar seçki planı həm Moskvanı, həm də daxili rəqiblərini hazırlıqsız yaxalamağa yönəlmiş riskli bir siyasi manevrdir. Onun uğuru Paşinyanın daxili sabitliyi qorumaq və xarici təsir balansını saxlamaq bacarığından asılı olacaq. Digər mühüm amil ondan ibarətdir ki, regionda yaranmış yeni reallıqlar, xüsusilə Azərbaycanın sülh təşəbbüsləri və praktiki addımları nəticəsində kommunikasiyaların açılması prosesi Ermənistan üçün yeni iqtisadi və nəqliyyat imkanları yaradır. Paşinyan hökuməti bu prosesi daxili auditoriyaya “regional sabitlik və iqtisadi dirçəlişin başlanğıcı” kimi təqdim etməyə çalışır. Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyiş, sərhədlərin delimitasiyası və yeni nəqliyyat marşrutlarının formalaşması Paşinyanın siyasi mövqelərini müəyyən qədər gücləndirə bilər. Bu baxımdan, növbədənkənar seçkilərin keçirilməsi qərarı həm də yaranmış geosiyasi fürsətdən maksimum istifadə etməyə, sülh gündəliyini daxili legitimlik alətinə çevirməyə hesablanmış addım kimi də qiymətləndirilə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az