Ağcabədidə 4 nəfər pomidor turşusundan zəhərlənib

Ağcabədi rayonunda 4 nəfər ev şəraitində hazırlanan pomidor turşusundan zəhərlənib.


AzNews.az xəbər verir ki, hadisə Kürdlər kəndində baş verib. Kəndin sakinləri Bayramov Pərviz, həyat yoldaşı Bayramova Nuranə, İsmayılova Kəmalə və onun övladı İsmayılov Bəxtiyar ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Rayonun Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov AzNews.az-a açıqlamasında onlara təcili yardım göstərildiyini vurğulayıb:

"Amma Pərviz Bayramovun vəziyyəti ağır olduğundan təcili olaraq Bakıya aparılıb."

1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi Ədalət Dadaşov isə Kəmalə İsmayılova və Pərviz Bayramovun hazırda sözü gedən xəstəxanada olduğunu və hər ikisinin vəziyyətinin ağır olduğunu bildirib:

"Hər ikisi reanimasiyadadır. Vəziyyətləri ağırdır. Süni tənəffüs aparatına qoşulub."

Baş həkim, Bəxtiyar İsmayılovun isə Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirildiyini deyib: "Uşağın da vəziyyəti ağırdır."

Bahar RÜSTƏMLİ
AzNews.az