Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurum köçürülür

Azərbaycan Kinematoqrafçılar İttifaqı Hökumət Evindəki ofisindən çıxarılır




"Gündəlik Teleqraf"ın verdiyi xəbərə görə, hazırda işçilər ittifaqa məxsus bütün əşyaları otaqlardan köçürürlər. Bir neçə gün öncə ittifaqın birinci katibi vəzifəsindən istefa verən Rasim Balayev də hazırda ofisdədir və özünə aid olan əşyaları çıxarır.

Xəbəri ittifaqın katibi Əli İsa Cabbarov təsdiqləyib: "Bəli, bizi ofisdən köçürürlər. Hələlik əşyalarımızı yığmaq üçün Hökumət Evinin zirzəmisində kiçik bir yer ayırıblar. Biz də əşyalarımızı ora daşıyırıq. Amma bizi hansı əsasla köçürürlər bilmirik. Əlimizdə heç bir əsasnamə, sənəd yoxdur, təqdim etməyiblər".

Xatırladaq ki, Vergilər Nazirliyi tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə bağlı cinayət işi açılıb. Nazirliyin müvafiq strukturları tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqında 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr əhatə edilməklə 20.11.2012-ci ildə keçirilmiş növbəti səyyar vergi yoxlaması nəticəsində vergi orqanına bəyannamə təqdim olunmamaqla xeyli miqdar təşkil edən 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb.

Faktla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb.