Nazirin evinin qarşısındakı aksiya təxirə salındı

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin (İB) bu günə təyin olunan piketi təxirə salınıb. Bu barədə APA-ya birliyin sədri, ehtiyatda olan polkovnik Yaşar Cəfərli məlumat verib.

Y. Cəfərli buna Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) piketin keçirilməsinə razılıq verməməyinin səbəb olduğunu deyib: "Martın 8-də ictimai birliyin idarə heyətinin iclası oldu və qərara alındı ki, piketi təxirə salaq. Biz Səfər Əbiyevdən qanuna hörmət etməyi tələb etdiyimiz halda, qanunu pozmaq istəmədik. Piketin keçirilməsinə razılıq verilməsi üçün yenidən şəhər icra hakimiyyətinə müraciət edəcəyik ".

Y. Cəfərli BŞİH-nin qərardan isə məhkəməyə şikayət edəcəklərini bildirib.

Qeyd edək ki, "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi martın 9-da piket keçirilməsi ilə bağlı BŞİH-nə müraciət edib. Piketin Ədliyyə Nazirliyinin inzibati binası qarşısında başlaması və Səfər Əbiyevin Yasamal rayonu "Qızıl Şərq" küçəsində yerləşən evinə yürüşlə başa çatması nəzərdə tutulurdu. İB təşkilatla bağlı 17 məhkəmə qətnaməsinin dövlət orqanları tərəfindən icra olunmamasına və Müdafiə Nazirliyinin qərarları icra etməməsinə etiraz olaraq piket keçirməyi planlaşdırmışdı.

AzNews.az