Tərtərdə məmur övladı adam öldürdü - YENİLƏNİB

İcra başçısının birinci müavini Vidadi Bəylərovun oğlunun "avtoşluğu" bir nəfərin həyatına son qoydu


Məmur övladlarının "şıltaqlıqları" haqda mətbuatda çox yazılıb və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Hətta iş o yerə gəlib çatdı ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayandı və bu kimi hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq etdi.

Bununla belə, hələ də məmur övladlarının özbaşınalıqları ilə bağlı müxtəlif xəbərlər gəlməkdədir. Növbəti bu cür arzuolunmaz xəbər isə Tərtər rayonundan daxil olub. Demokratiya.info-nun yaydığı məlumatda bildirilir ki, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərovun oğlu bu günlərdə ölümlə nəticələn avtoqəza törədib.

Belə ki, Vidadi Bəylərovun oğlu bir neçə gün bundan əvvəl başqa bir gənclə avtoşluq edirmiş. "Qonkaya" çıxan icra başçısının müavininin oğlu "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.

AzNews.az xəbər portalının baş vermiş bu faciəli hadisəylə bağlı apardığı araşdırmalar zamanı isə maraqlı detallar üzə çıxdı. Belə ki, Tərtər rayon Polis şöbəsi ilə əlaqə saxlayıb araşdırmanın gedişi ilə maraqlandıq. V.Bəylərovun oğlunun törətdiyi avtoqəzanı araşdıran müstəntiq Nəsimi Hüseynov əvvəlcə avtoqəzanın olmadığını söylədi. Lakin sonradan bir avtoqəza olduğunu, lakin məmur oğlunun həmin qəzanın iştirakçısı deyil, şahidi olduğunu söylədi:

"Bu qəza mart ayının 17-də olub və qəza nəticəsində sürücü Ramil Azər oğlu Quliyev dünyasını dəyişib. Maşın yoldan çıxıb və bir nəfər ölüb. Lakin Vidadi Bəylərovun oğlu qəzaya düşən şəxsi xəstəxanaya aparıb".

Maraqlıdır ki, əməkdaşımızın məmur oğlunun ən azından şahid kimi dindirilib-dindirilməyəcəyi haqda sualına isə müstəntiq belə cavab verib: "Biz həmin şəxsi artıq dindirmişik". V. Bəylərovun qəza törətmiş oğlunun adını öyrənmək cəhdlərimiz isə nəticəsiz qaldı, nə qədər təzadlı görünsə də, müstəntiq onun adını bilmədiyini söylədi.

Odur ki, bu yarımçıq və zidiyyətli açıqlamalar bizi qane etmədiyindən baş vermiş olayla bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Orxan
AzNews.az