Polis Şöbəsinin yeni inzibati binası açıldı

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində - mayın 7-də Xocavənd Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib.

AzNews.az- ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tikintisinə ötən ilin martında başlanmış 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 1003 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib.

Yeni tikilidə 25 xidməti otaq və akt zalı var. Binada ventilyasiya, mərkəzi istilik qazanxanası və havalandırma sistemləri, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Daha sonra mərasim iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş, virtual dərs keçirilməsi üçün nəzərdə tutulmuş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Yerinə baxmış, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Mərasimdə çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, Xocavənd RPŞ-nin şəxsi heyətinin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarının lazımi texniki vasitələr və avadanlıqlarla təchizatına, eyni zamanda, şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraitinin daha da yaxşılaşmasına yüksək diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak ediblər.

AzNews.az