Ölüm xəbəri yayılan hakimin oğlu danışdı

Ötən gün bəzi xəbər portallarında fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin videogörüntüsünü yaydığı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin vəfat etdiyi barədə xəbər yayılıb. Yayılmış bəzi məlumatlarda Ağababa Babayevin 40 gün öncə dünyasını dəyişməsi barədə də məlumatlar yer almışdı.

Ağababa Babayevin oğlu Fərman Babayev "Deyerler.org"a açıqlamasında ölkə KİV-lərində atasının vəfat etməsi barədə yayılan xəbəri təkzib edib.

Fərman Babayev bildirib ki, onun atası sağdır. "Atam bir müddətdir beyin insultu keçirib. Həmçinin həkimlər atama kəskin şəkər diaqnozu da qoyublar. Hal-hazırda atamın vəziyyəti ağırdır. Onun hər iki ayağı fəaliyyətdan qalıb", -deyə Ağababa Babayevin oğlu bildirib.

Qeyd edək ki, Məhkəmə Hüquq Şurası tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı aparılmış, Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilmişdi.

A.Babayev isə işdən çıxmasını 65 yaşının tamam olması və səhhəti ilə əlaqələndirmişdi.

Xatırladaq ki, Elşad Abdullayevin yaydığı videogörüntülərlə bağlı Baş Prokurorluqda cinayət işi açılıb və istintaq hələ də davam edir.

AzNews.az