Xəbər verdiyimiz kimi "Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız intihar edib Xəbər verdiyimiz kimi "Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız intihar edib

20 yaşlı qız niyə intihar edib?-Təfərrüat- VİDEO

Xəbər verdiyimiz kimi "Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız intihar edib



O, mayın 7-də səhər saat 10:00 radələrində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü aşağı ataraq intihar edib. Musavat.com-un məlumatına görə, bu barədə məlumatı 20 yaşlı Nilufər Məhərrəmovanın dostları Facebook-da yazıblar.

İntiharın təfərrüatlarına gəlincə, hər şey Nilufər Məhərrəmovanın bloq yazısından sonra başlayıb. O, öz bloqunda "Sivil demokratik ve hüquqi dövlet uğrunda" adlı məqaləsini paylaşıb.

Bundan sonra gənc qıza təzyiqlər başlayıb. Hətta, onun polis əməkdaşları tərəfindən döyüldüyü barədə iddialar da var. Nəticədə, Nilufərin evdə anası ilə mübahisəsi yaranıb. Mübahisədən dərhal sonra isə qız özünü altıncı mərtəbədən atıb.

N.Məhərrəmovanın təhsil aldığı Mingəçevir Politexnik İnstitunun tələbələrindən biri adının çəkilməməsi şərti ilə "Yeni Müsavat"a bunları deyib: "Nilufər institutun fəal tələbələrindən idi. O, institutun "Piratlar" tamaşasında ərə getmək istəyən qızın anası adlanan komandasında çıxışlar edir, tədbirlərdə fəal iştirak edirdi. Bu günlərdə institutda baş tutacaq tədbirə qatılmaqdan demonstrativ imtina etdi. Bundan sonra onu rektorluğa çağırmışdılar. İnstitutda danışırlar ki, onu polisə də aparıblar, güclü təzyiq göstəriblər, hətta döyüblər də. Bundan sonra evə qayıdıb, evdə də onu danlayıblar. Bundan sonra Nilufər intihar edib".

Digər bir tələbə isə N.Məhərrəmovanın intihardan əvvəl özünü öldürməyə cəhd etdiyini də söylədi: "Nilufər 3-cü kursda oxuyur. O institutdakı tədbirə getmək istəməmişdi. Buna görə Mingəçevir Təhsil Şöbəsində işləyən əmisi Leysana irad bildirilmişdi, Nilufərin ailəsində söz-söhbət olmuşdu. Bundan sonra Nilufər özünü Kür çayına atmaq istəmişdi. Onu tələbə yoldaşları fikrindən daşındırmışdılar. Özünü pəncərədən atmazdan əvvəl facebook səhifəsindəki bütün fotolarını da silib".

Həmsöhbətimiz bildirdi ki, N.Məhərrəmova liberal baxışları ilə tələbələrin bir çoxundan fərqlənib: "Müəllimlərin bəziləri onu fikirlərinə, davranışlarına görə danlayırdılar. Nilufər deyirdi ki, mühit onu sıxır. Onu polisə aparanda da deyiblər ki, şəhərə yeni dəb gətirmə. Bloqundakı yazıları da irad tutublar. Yəni onu fikirlərinə görə çox sıxırdılar, hər addımda təzyiq göstərirdilər".

Rayondakı mənbələrimizdən aldığımız məlumata görə N.Məhərrəmovanın atası Rusiyada işləyir. Mingəçevirdə olduğu vaxtlarda da şəxsi avtomobili ilə taksi xidməti göstərməklə ailəsini dolandırır: "Nilufərin bir qardaşı var. O, ötən il Mingəçevir Politexnik İnstituna daxil ola bilmədi. Hazırda hərbi xidmətdədir".

Mənbəmiz deyib ki, N.Məhərrəmovanın intiharından sonra onların Mingəçevirin Moqamayev küçəsindəki evlərinin qarşısına polis postu qoyulub: "Yas məclisində iştirak edənlərin heç biri Nilufərin intiharının səbəbi haqda danışmaq istəmir. Deyilənə görə əmisi Leysan hər kəsə ölümün səbəbi haqda danışmamağı tapşırıb. Nilufərin polisdə döyülməsini gizlətmək istəyirlər. Buna görə də ona qara yaxmaqdan çəkinmirlər. Xəbər yayırlar ki, güya Nilufərin psixi problemləri olub".

N.Məhərrəmovanın polis zorakılığına məruz qalıb-qalmamasını aydınlaşdırmaq üçün Daxili İşlər Nazirliyi mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən hadisə ilə bağlı rəsmi məlumat yayıldığını bildidilər.

***
İntihar etdiyi söylənən 20 yaşlı bloqqer Nilufər Məhərrəmovanın dayısı Leysan Yusubov AzadlıqRadiosuna bu xəbəri təkzib edib. O deyib ki, hadisədən az əvvəl anası ilə mərhumun yüngül mübahisəsi olub: "Buna görə balkonda ağlayan qız birdən huşunu itirib və balkondan yıxılıb" deyə dayısı bildirib.

Leysan Yusubov Nilufər Məhərrəmovanın bir il öncə evdən qaçması haqda deyilənləri də təsdiqləyib. Həmçinin onun dini sektalardan birinin üzvü olduğunu da söyləyib.

Nilufər Məhərrəmovanın son bloq yazısından sonra təzyiqlərə məruz qalması və hətta polisə çağırılaraq döyülməsi haqda mətbuatın yazdıqları ilə bağlı sualı isə Leysan Usubov cavablandırmayıb. O, sualdan sonra telefonu söndürüb və bir daha zənglərə cavab verməyib.

Mingəçevir Polis İdarəsinin rəisi Ələsgər Bədəlov mərhumun polis tərəfindən təzyiqə məruz qalması haqda söylənənləri təkzib edib. O deyib ki, həmin qızın gənc fəal və ya bloqqer olmasından xəbərsizdirlər. Mərhumun ailəsi barədə bunları bildirib:

"Atası xəstədir, anası tibb bacısı. Adi ailədir. Nə ailə, nə qız heç nəylə diqqət çəkməyiblər".




AzNews.az