Narkotik maddə keçirmək istəyən İran vətəndaşları saxlanılıb

Azərbaycan gömrükçüləri tərəfindən ölkəyə gizli yolla narkotik maddələrin gətirilməsinin qarşısı alınıb.


Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.



Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində Azərbaycana gələn İran vətəndaşları Fathi Saleh Gholam və Assadi Rasoul Bahloulun idarə etdikləri "Volvo B72R" markalı sərnişin avtobusu gömrük nəzarətindən keçirilərkən, kinoloji xidmət itinin reaksiyasına əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə salondakı oturacaqların hər birinin arxa üzlüyünün aşağı hissəsində alt tərəfdən xüsusi olaraq yerləşdirilib gömrük nəzarətindən gizlədilmiş bükümlərdə narkotik maddə aşkarlanıb. İzolizasiya lenti ilə sarınmış 4 ədəd plastik butulka və 1 ədəd plastik borunun içərisindən 12 bağlamada xalis çəkisi 3 kiloqram 925 qram həşiş qətranı, 3 bağlamada xalis çəkisi 236,148 qram tiryək, 2 bağlamada xalis çəkisi 186,19 qram heroin və 1 bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda xalis çəkisi 0,125 qram metadon narkotik vasitələri aşkar edilərək götürülüb. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb və hər iki İran vətəndaşı şübhəli şəxs qismində saxlanıb. Cinayət işi üzrə dindirmələr zamanı məlum olub ki, aşkarlanan narkotik vasitələri digər bir İran vətəndaşı Zomorrodnia Edris Aga Karim sərnişin avtobusuna gizli olaraq yerləşdirib. Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən Zomorrodnia Edris Aga Karim şübhəli şəxs qismində tutulub. Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az