Bağçaların tikintisinə dair tələblər dəyişdi

Nazirlər Kabineti "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"ndə dəyişikliklər edib.

Lent.az-ın verdiyi məlumata görə, indiyə qədər məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və əsaslı təmiri zamanı müvafiq sanitar-epidemioloji rəyə malik olan inşaat materiallarından istifadə edilib.

Bundan sonra sanitar-epidemioloji rəyə yox, məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və əsaslı təmiri zamanı müvafiq uyğunluq sertifikatına malik olan inşaat materiallarından istifadə ediləcək. İndiyə qədər məktəbəqədər təhsil müəssisələrinin binaları şəhər və kənd yaşayış məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair tələblərə uyğun olaraq, təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz edilirdisə, bundan sonra məktəbəqədər təhsil müəssisələrinin binaları ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq, təsərrüfat-içməli, yanğın əleyhinə, isti su, kanalizasiya və su axıdılma sistemləri ilə təchiz ediləcək.

Torpaq sahəsinin ölçüləri ümumi təhsil müəssisəsinin şagird tutumundan asılı olaraq, kənd və şəhər məntəqələrinin planlaşdırılmasına və tikintisinə dair normaların tələblərinə uyğun yox, ərazi planlaşdırılması sənədlərinə, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdiriləcək:

- 40-dan 400-dək hər bir şagird üçün 50 m²;

- 400-dən 500-dək hər bir şagird üçün 60 m²;

- 500-dən 600-dək hər bir şagird üçün 50 m²;

- 600-dən 800-dək hər bir şagird üçün 40 m²;

- 800-dən 1100-dək hər bir şagird üçün 33 m²;

- 1100-dən 1500-dək hər bir şagird üçün 21 m²;

- 1500-dən 2000-dək hər bir şagird üçün 17 m²;

- 2000-dən çox hər bir şagird üçün 16 m².

Ərazi planlaşdırılması sənədləri isə aşağıdakılardır:

- Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin (regionların, rayon ərazi vahidlərinin) ümumi ərazi planlaşdırılması çərçivəsində hazırlanan ümumi planları;

- şəhərlərin və digər yaşayış məntəqələrinin ərazidən istifadənin planlaşdırılması çərçivəsində hazırlanan Baş planları;

- yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planları.

Baş planlar ümumi, müfəssəl planlar isə baş planlar əsasında hazırlanır. Qonşu inzibati ərazi vahidlərinin ərazi planlaşdırılması sənədləri bir-birilə razılaşdırılmaqla hazırlanmalıdır. Razılaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Ərazi planlaşdırılması sənədləri məcburi hüquqi qüvvəyə malikdir və ictimaiyyət üçün açıqdır. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə hüquqi, fiziki şəxslərə ərazi planlaşdırılması sənədləri ilə tanış olmaq imkanı yaratmağa və sorğu əsasında həmin sənədlərin surətini verməyə borcludur.

AzNews.az