Jurnalist metroda təzyiqə məruz qaldı

Jurnalist Aynur Elgünəş "Həzi Aslanov" metro stansiyasında metropoliten işçilərinin təzyiqinə məruz qalıb.

Bu barədə jurnalist özü AzNews.az-a məlumat verib. Onun sözlərinə görə, hadisə vətəndaşla metropoliten işçisinin mübahisəsinə maraq göstərərkən baş verib. Vətəndaş Xəyal İmanov kartına pul yüklədiyini, ancaq pulun yüklənmədiyini dedikdə nəzarətçi onunla mübahisə edib. A.Elgünəş isə şəkillərini çəkmək istəyəndə, qadın onu təhqir etməyə başlayıb: "Adı Nahidə olan bu qadın məni təhqir edərək, bildirdi ki, şikəstsənsə sənin metroda nə işin var?"

Məsələyə müdaxilə edən stansiya polisləri də jurnalistə təzyiq ediblər.

Məsələ ilə bağlı "Həzi Aslanov" metro stansiyasının rəisi Böyükağa Yolçuyev jurnalisti və şikayətçi Xəyal İmanovu qəbul edib. Onları dinlədikdən sonra, nəzarətçi barədə ölçü götürəcəklərini deyib və baş verənlərə görə üzr istəyib.

Aynur Elgünəş hadisə ilə bağlı şikayət ərizəsi yazıb və Metropolitenə bu barədə məlumat verilib.

Elnarə
AzNews.az