““Human Rights House” sifariş yerinə yetirir“

Elnur Aslanov: "İki ay əvvəldən Azərbaycanda prezident seçkisinin saxtalaşdırılacağını elan edən qurum bununla nəinki öz qeyri-ciddiliyini və qeyri-professional fəaliyyətini, konkret sifariş yerinə yetirdiyini göstərir"

""Human Rights House" şəbəkəsinin Azərbaycandakı seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsi qərəzlidir, reallığı təhrif edir".

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov təşkilatın Azərbaycandakı seçkiqabağı mühitlə bağlı qurumun son açıqlamasını şərh edərkən bildirib.

E. Aslanov deyib ki, ölkədəki seçkiqabağı vəziyyəti prezidentliyə namizəd kimi Mərkəzi Seçki Komissiyasında təsdiq olunanlar, müxtəlif siyasi partiya və təşkilatlar normal qiymətləndiriblər: ""Human Rights House" şəbəkəsi isə bütün bunları nəzərə almadan, yanlış və subyektiv məlumatlar yayır".

Şöbə müdiri təşkilatı sifariş yerinə yetirməkdə ittiham edib: "İki ay əvvəldən Azərbaycanda prezident seçkisinin saxtalaşdırılacağını elan edən qurum bununla nəinki öz qeyri-ciddiliyini və qeyri-professional fəaliyyətini, konkret sifariş yerinə yetirdiyini göstərir. Təsadüfi deyil ki, çoxsaylı erməni diaspor təşkilatları "Human Rights House"un tərəfdaşları kimi çıxış edir. Həmçinin bu qurumun katibliyində maliyyə işlərinə də Saro Saroyan adlı erməni əsilli şəxs baxır".

E. Aslanov şəbəkənin Cenevrə bürosunun rəhbəri Florian İrmingerin "Azadlıq" radiosuna müsahibəsini də xatırladıb: "O deyir ki, Azərbaycanda hamı növbəti prezidentin kim olacağını bilir. F. İrmingerin diqqətinə çatdırıram ki, bu fakt, seçkilərin saxtalaşdırılacağı barədə hansısa təxəyyül, illüziya məhsulu deyil, real olaraq Prezident İlham Əliyevin cəmiyyətdə yüksək reytinq göstəricisidir. Sosioloji sorğular da Prezident İlham Əliyevin əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini, ona heç bir rəqib görülmədiyini, dövlət başçısının son 10 ildəki fəaliyyətinin seçicilər tərəfindən böyük rəğbətlə qarşılandığını nümayiş etdirir. Vətəndaşlar təbii olaraq, ölkənin dinamik inkişafı üçün Prezident İlham Əliyevin fəaliyyətinin davamını arzulayırlar. Ona görə də Azərbaycanda kimin prezident olacağının indidən bilinməsində əsassız şəkildə qeyri-adi nəsə axtarmaq boş məşğuliyyət və demaqogiyadan başqa bir şey deyil".

PA rəsmisi "Human Rights House" şəbəkəsini Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən çoxdur ki, öz evinə qayıda bilməyən, fundamental insan hüquqlarından məhrum edilən 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın haqqında bir dəfə də olsun məsələ qaldırmamaqda ittiham edib: "Görünür, sifarişçilər üçün bu, maraqlı olmayıb".

E. Aslanov deyib ki, Azərbaycanda demokratik və hüquqi dövlət kimi seçkiləri də demokratik prinsiplər və qanunun aliliyi əsasında namizədlərə bərabər şərait yaratmaqla təşkil edir: ""Human Rights House" şəbəkəsinin Azərbaycanda guya jurnalistlər və insan haqları fəallarına təhdidlərin yaradılması, müxalifətin 20-ci sahədəki sanksiyalaşdırılmış etiraz aksiyasına hökumətin müdaxilə etməsi barədə iddiaları isə tamamilə cəfəngiyyat və yalandır. Florian İrmingerin Azərbaycanda azad mətbuatın olmadığı barədə səsləndirdiyi fikirlərini elə yerli Azərbaycan mətbuatı tirajlayırsa, burada söz və fikir azadlığı ilə bağlı hər hansı müdaxilədən söhbət gedə bilməz. Əlbəttə, o başqa mövzudur ki, bir sıra mətbuat orqanları heç bir jurnalist dəqiqləşdirmələri, araşdırmaları aparmadan bu tip şübhəli maliyyə mənbələri olan qurumların əsassız, qərəzli, böhtan xarakterli açıqlamalarını xüsusi həvəslə yayırlar. Bir daha qeyd edirəm ki, Azərbaycan hakimiyyəti seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanları yaradıb, lazımi tədbirləri görür və qarşıdakı prezident seçkisi bunun əyani sübutu olacaq".

AzNews.az