“Pasporta görə 1000 manat rüşvət istəyirlər” - İDDİA

Quba Pasport Qeydiyyat İdarəsi vətəndaşdan nə istəyir?

Xaçmaz rayon sakini Nazim Mehrəliyevdən redaksiyamıza şikayət daxil olub.

Rayon sakini AzNews.az-a göndərdiyi məktubunda bildirir ki, Quba rayonunun müvafiq qurumları ona xarici pasport vermək istəmir. N.Mehrəliyev yazır: "Mən Xaçmaza qonaq gəlmişəm. 5 aydan çoxdur ki, Qubadan xarici pasport ala bilmirəm. Quba rayonunda nə orqanı tanımaq mümkündür, nə də onun funksiyasını başa düşmək. Quba rayonunda vətəndaşlara xarici pasport verməli olan qurumun işçiləri və polis şöbəsinin rəis müavini Arzu Rzayev əsassız ittihamlarla mənə pasport verməkdən imtina edirlər. "Pasportstol"da mənə bildirildi ki, guya mən axtarışdayam. Bəs yaxşı, axtarışda olan adam sərhəddən necə keçib gəlib ölkəyə? Quba rayonu rəis müavini Arzu Rzayev bu bəhanə ilə 1000 manat rüşvət alıb. Cinayətkar və axtarışda olan adam həbs olunmalıdır. Mənsə onların gözü qarşısındayam". Pasport verilmədiyi üçün Rusiyaya qayıda bilmədiyini vurğulayan N.Mehrəliyev buna görə müvafiq orqanlardan kömək istəyir: "Onlar deyir ki, guya mən axtarışdayam. Dəfələrlə bununla bağlı Rusiyadan teleqram gəlib ki, mənimlə bağlı axtarış yoxdur. Həmin teleqramların hər biri gizlədilir. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın". Rüşvət almaqda ittiham olunan Quba Rayon Polis Şöbəsinin rəis müavini Arzu Rzayev isə AzNews.az-a deyib ki, bu barədə heç bir açıqlama verə bilməz: "Belə araşdırmalar telefonda olmur. Buyurun, gəlin Qubaya, sizə məlumat verək". Quba Rayon Polis Şöbəsinin Pasport Qeydiyyatı İdarəsinin Vüsal adlı əməkdaşı isə bildirdi ki, N.Mehrəliyev axtarışdadır: "O adam axtarışdadır. Biz ona pasport verə bilmərik". Axtarışda olan adamın Pasport Qeydiyyatı İdarəsinə müraciət etməsi ilə bağlı niyə hüquq mühafizə orqanlarına məlumat verilməyib sualına isə onun cavabı belə oldu: "Onu biz həll etmirik".


Bahar Rüstəmli
AzNews.az