Ermənilər tərəfindən döyülən sədr Ali Məhkəməyə müraciət edəcək

Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı yenidən cinayət işinin açılması üçün bu dəfə Paris Ali Məhkəməsinə müraciət edəcək.

M.Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, faktla bağlı Paris prokurorluğu tərəfindən cinayət işinin cinayətkarların tapılıb cəzalandırılmadan bağlanması oradakı azərbaycanlıların hiddətinə səbəb olub və cinayətkarların tapılıb cəzalandırılması üçün onlar daha yuxarı instansiyaya müraciət etməyə qərar veriblər.

O qeyd edib ki, hazırda vəkillərin iştirakı ilə müraciət hazırlanır və gələn həftənin əvvəlində Paris Ali Məhkəməsinə yenidən cinayət işinin açılması, hadisəni törədənlərin tapılıb cəzalandırılması ilə bağlı müraciət olunacaq: "Prokurorluğun işi belə yarımçıq bağlaması bizi hiddətləndirib.
Onlar iddia edirlər ki, kimisə cəzalandırmaq üçün maddi sübut yoxdur. Amma bu absurddur. Çünki hadisə yerində kifayət qədər adamlar olub, foto fakt və həkim müayinələri var. Ona görə də biz həmin şəxslər tapılıb cəzalandırılmayana qədər fəaliyyətimizi dayandırmayacağıq".

Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə keçirilən "Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər.

Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər. Bununla bağlı Paris prokurorluğunda cinayət işi açılsa da, bu yaxınlarda iş yetərli sübut tapılmaması səbəb göstərilməklə bağlanıb.

AzNews.az