Bank müdirinə qarşı cinayət işi açıldı

"Dekabank" KB ASC-nin Nəsimi filialının müdiri və vəzifəli şəxsləri barədə cinayət işi açılıb. Bu barədə AzNews.az-a Baş Prokurorluqdan məlumat verilib. Filial rəhbərliyi qulluq mənafeyinə qəsdən zidd hərəkətlərdə ittiham olunur. Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırıldıqdan sonra şübhələr öz təsdiqini tapıb.

Belə ki, Cəmiyyətin Nəsimi rayon filialının müdiri Nəsrulla Mikayılov, iqtisatçı Pərviz Mikayılov və aparıcı mühasib Şəfəq Salmanova bank tərəfindən verilmiş kredit məbləğləri ilə həmin kreditin təminatı kimi müştərilərdən qəbul edilmiş qızıl-zinət əşyalarının öz dəyərindən dəfələrlə artıq göstərməklə ümumilikdə bankın mənafeyinə 65 min 600 manat məbləğində ziyan vurublar. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifədən səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq davam etdirilir.

AzNews.az