Daxili Qoşunların zabiti qəza törətdi, yaralanan var

Daxili Qoşunların Zaqatalada yerləşən N saylı hərbi hissənin zabiti yol qəzası törədib. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 27-də saat 20.10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolununun Zaqatalanın Yuxarı Tala kəndindən keçən hissəsində baş verib.

Daxili Qoşunların mayoru Nuşirəvan Əliyev idarə etdiyi VAZ 2107 markalı 90 BV 694 dövlət nömrə nişanlı avtomobillə Yuxarı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən işdən çıxıb evə gedən Zaqata rayonunun Aşağı Tala kənd sakini, 1985-ci il təvəllüdlü Kərimova Ülviyyə İbrahim qızını vurub. Nəticədə müxtəlif ağır bədən xəsarətləri almış Ü.Kərimova Zaqatala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəstənin durumu ağır kimi qiymətləndirilir, müalicəsi davam etdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

AzNews.az