Rza Zərrab nazir oğluna rüşvət verib- Həbsin təfərrüatları (Yenilənib)

Türkiyədə İstanbul və Ankarada eyni zamanda keçirilən, azərbaycanlı iş adamı Rza Zərrab, Əli Ağaoğlu, həmçinin 3 nazir oğlunun da saxlandığı əməliyyatla bağlı təfərrüatlar məlum olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi əməliyyata 1 ildən çox zaman hazırlıq aparıldığını bildirib.

Bu müddətdə adı çəkilən şəxslər təqib edilib, onların hər bir hərəkəti izlənilib, fəaliyyətləri diqqətdə saxlanılıb. Müğənni Əbrü Gündəşin əri Rza Zərraba qarşı bəzi layihələrdə nazir oğullarına rüşvət verməsi ittihamı irəli sürülür.

Bundan başqa Ətraf Mühit Nazirliyi və TOKİ-nin bəzi layihələrində də hər 3 nazirin oğlunun rüşvət aldığı bildirilir. Rüşvət verən şirkətlər arasında Türkiyənin böyük şirkətləri da yer alıb. Artıq polis nazir Zəfər Çağlayanın oğlunun Yeniməhəllədəki evində axtarış aparıb.

Elnarə
AzNews.az


***
11:00
Türkiyənin İstanbul şəhərində aralarında azərbaycanlı iş adamı, müğənni Ebru Gündəşin əri Rza Zərrabın da olduğu bir qrup biznesmen saxlanılıb.

AzNews.az xəbər verir ki, polis basqını səhər saatlarında keçirilib.

R.Zərrabla bərabər saxlanılanlar arasında iş adamı Əli Ağaoğlu da var.

18 ünvana edilən basqına səbəb kimi iş adamlarına qarşı rüşvət və dələduzluq ittihamı göstərilir.

Saxlananlar İstanbul Əmniyyət Müdürlüyünün Vatan bölməsinə aparılıb.

Məlumatlara görə, əməliyyat digər bölgələrdə də keçiriləcək. Saxlanılanların sayının daha da artacağı gözlənilir.

Əməliyyat maliyyə polisinin uzun müddət apardığı hazırlıqlardan sonra keçirilib. Saxlanan iş adamlarının iştirak etdikləri tenderlərdə rüşvət faktının olması əsas gətirilir.

Elnarə
AzNews.az