ANS-in Göyçay bürosu bağlandı: AzNews.az-ın xəbəri təsdiqləndi

"ANS-in Göyçay bürosu bağlanıldı, əməkdaşlar isə işdən çıxarıldı".


Bunu AzNews.az-a telekanalın Göyçay bölgəsi müxbiri işləmiş Günel İsayeva deyib. O bildirib ki, AzNews.az saytı bir müddət əvvəl bu barədə məlumat yayanda ANS rəhbərliyi bunu təkzib edib: "ANS-dən bildirildi ki, bu məlumatlar əsassızdır, siz işdən çıxarılmamısınız.
Bu xəbəri yayan media qurumlar isə məhkəməyə veriləcək".

G. İsayeva qeyd edib ki, bir neçə gün əvvəl heç bir səbəb göstərilmədən işdən azad olunması haqda ona məlumat verilib:

"Mənə bildirildi ki, telekanalın Göyçay bürosu bağlanılır, o və operator işdən azad edilir".

Xatırladaq ki, AzNews.az saytı yanvarın 14-də ANS TV-nin Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə muxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun muxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Məmmədov və operator Fərid Əliyev işdən çıxarıldığı barədə xəbər yayıb.

ANS Şirkətlər Qrupu isə faktı inkar edib və AzNews.az da daxil olmaqla 14 saytı məhkəməyə verəcəklərinə dair açıqlama yayıb.

AzNews.az