Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qərar qəbul edildi

Konstitusiya Məhkəməsi (KM) "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanununun bəzi müddəalarını şərh edib.

KM-dən verilən məlumata görə, Ali Məhkəmə Konstutusiya Məhkəməsinə bununla bağlı sorğu verib.

Sorğuda göstərilib ki, 20 may 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun qəbul edilib. Həmin Qanunun 3-cü maddəsinə əsasən, hərbi qulluqçuların sığortaçısı Dövlət Sığorta Şirkətidir və həmin şirkət hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirir.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında" 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə hərbi qulluqçuların icbari sığorta məbləği artırılıb. Bununla əlaqədar sığorta ödənişinin alınması üçün sığorta orqanına və məhkəmələrə müraciətlərin sayı çoxalıb.

Bu qəbildən olan işlərə baxarkən bəzi məhkəmələr Konstitusiyanın 149-cu maddəsi nöqteyi nəzərindən iddiaların təmin edilməsi ilə bağlı qətnamələr qəbul edib, digər məhkəmələr isə həmin Qanunun özündə qanunun geriyə qüvvəsi ilə əlaqədar normanın olmamasına əsaslanaraq iddiaları rədd ediblər.

Göstərilənləri nəzərə alaraq Ali Məhkəmə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun bəzi müddəalarının şərh olunmasını Konstitusiya Məhkəməsindən xahiş edib.

Konstitusiya Məhkəməsi sorğuya baxaraq qərar qəbul edib. Qərarda qeyd olunur ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır.

Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş "hüquqi vəziyyətini yaxşılaşdıran" hal kimi qəbul oluna bilməz.

Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Milli Məclisə tövsiyə edilib.

Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

AzNews.az