Soydaşlarımıza qarşı ermənilərin kütləvi qırğınları başlayıb – 97 il öncə

Tarixdə bu gün: 30 mart



Tarixdə bu gün martın 30-da Bakıda erməni-daşnak və rus-bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb, məşhur holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq anadan olub.

1746 - Görkəmli ispan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.

1844 - Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine, 1844-1896) anadan olub.

1853 - Məşhur holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853-29.7.1890) anadan olub.

1918 - Bakıda erməni-daşnak və rus-bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Ermənilər qırğına əvvəlcədən hazırlaşmışdılar. Brest-Litovsk sülh müqaviləsinə (3 mart 1918) əsasən, Türkiyə cəbhəsindən geri dönən rus əsgərlər Stepan Şaumyanın başçılıq etdiyi "Bakı Soveti"nin sərəncamında idilər. Dünya müharibəsindən qayıdan azərbaycanlıların əksəriyyəti isə Şaumyanın göstərişi ilə Bakı yaxınlığında tərksilah edilmişdi. Azərbaycanlı hərbçilərin buna qarşı çıxması erməni dəstələrinə onlara qarşı qırğına başlamaq bəhanəsi verdi. Şaumyan 1918-ci il aprelin 13-də Moskvaya göndərdiyi teleqramda yazmışdı: "Bizim dəstəyə edilən hücumdan bir bəhanə kimi istifadə etdik və parlaq qələbə qazandıq".

1920 – Azərbaycan Xalq Cümhuriyyətində növbəti hökumət böhranı yaranıb. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi beşinci hökumət kabineti istefa verib. Yeni hökuməti qurmaq isə artıq mümkün olmayıb. Hökuməti qurmağı tapşırılan Məmmədhəsən Hacınski (beşinci hökumətdə daxili işlər naziri idi) isə bolşeviklərlə (Azərbaycan Kommunist Partiyası) əməkdaşlığın tərəfdarı idi. Hacınskiyə görə, sovet Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın istiqlalını qorumaq mümkün idi. Aprelin ortalarında Hacınski "Müsavat" partiyasından istefa verərək Azərbaycan K(b)P-yə daxil olub.

1945 - Xalq artisti, tanınmış aktrisa, pedaqoq Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. "Qaraca qız" (Pəricahan), "Dədə Qorqud" (Burla xatun), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "İstintaq" (Gülya) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Milli Məclisin deputatı (1995-2000) olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

1949 - Tanınmış opera müğənnisi, Xalq artisti Səfa Qəhrəmanov (1949-5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.

1952 – Şair, oftalmoloq Paşa Qəlbinur (Paşa İsmayıl oğlu Musayev) Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulub.

1992 - Azərbaycan Respublikası ilə İraq arasında diplomatik münasibətlər qurulub. İraq Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 2-də tanımışdı.

2004 - Milli Məclis Azərbaycan Respublikasında yeni ərazi-inzibati vahidi - Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması barədə qanun qəbul edib. Kəngərli rayonu muxtar respublikanın Babək və Şərur rayonlarından ayrılmış kəndlər əsasında yaradılıb.