O, qaçaq yolla Azərbaycanı tərk etmək istəyərkən saxlanılıb O, qaçaq yolla Azərbaycanı tərk etmək istəyərkən saxlanılıb

“Yeraz Nəriman” həbs olundu

O, qaçaq yolla Azərbaycanı tərk etmək istəyərkən saxlanılıb



Oktyabrın 18-də Daxili İşlər Nazirliyinin el arasında "Bandotdel" kimi məşhur olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" restoranında keçirdiyi əməliyyat zamanı müəmmalı şəkildə aradan çıxmağı bacarmış kriminal avtoritet "Yeraz Nəriman" bu gecə xüsusi əməliyyat nəticəsində həbs olunub.

O, qaçaq yolla Azərbaycanı tərk etmək istəyərkən elə sərhəddə "Bandotdel"in əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə azpolitika.info-ya DİN-dəki etibarlı mənbədən məlumat daxil olub. Yenicə həbsdən çıxmış kriminal avtoritetə qarşı hüquq-mühafizə orqanlarının hansı ittihamlarının olduğunu hələlik dəqiqləşdirə bilməmişik.

Xatırladaq ki, "Yeraz Nəriman" 12 illik həbsdən sonra elə oktyabrın 18-də həbsdən çıxıb. Həmin gün "Yağmur" restoranında guya onun qarşılanması mərasimi təşkil olunub. Amma əslində kriminal aləmin 300-ə qədər tanınmış nümayəndəsinin toplantısının başqa məqsədi olub. Belə ki, bu yaxınlarda Rusiyanın "cinayət aləmi"nin ən tanınmış isimləri arasında "sxodka" ("oğru toplantısı") keçirilib və orada məşhur azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin ("Rövşən Lənkəranski" ləqəbiylə tanınır) oğru adının əlindən alınması ilə bağlı qərar verilib.

Artıq tam dəqiqləşdirdiyimiz məlumata görə, "Yağmur" restoranında keçirilən tədbir də əslində bu qərarın elan olunması və gələcəkdə atılacaq addımların müəyyənləşdirilməsi məqsədiylə təşkil olunmuş mərasimiymiş. Sadəcə, diqqət çəkməsin deyə, mərasim həbsxanadan yenicə çıxmış Nəriman adlı şəxsin qarşılanması tədbiri kimi qələmə verilirmiş. Gözlənilirmiş ki, həmin mərasimdə "kriminal aləm"in Azərbaycana necə ayaq açmasının yolları müzakirə olunacaq, nüfuz dairələri və həmin nüfuz dairələrinə baxacaq "avtoritetlər" müəyyənləşdiriləcək.

Lakin məlum olduğu kimi, "Bandotdel"in xüsusi təyinatlıları "Yağmur"da əməliyyat keçirərək 100-dən artıq şəxsi həbs ediblər. Bu əməliyyat Azərbaycanın kriminal aləminə böyük zərbə olub. Onu da xatırladaq ki, "Yeraz Nəriman"ın vaxtından əvvəl həbsdən çıxmasının səbəbkarı - 1 saylı Cəzaçəkmə Müəsissəsinin rəisi Qəhrəman Qurbanov dünən vəzifəsindən azad olunub.

AzNews.az