Əfqanıstan müharibəsi veteranı Fərman Xeyrulla oğlu Məmmədov prezident İlham Əliyevə müraciət ünvanlayıb. Əfqanıstan müharibəsi veteranı Fərman Xeyrulla oğlu Məmmədov prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müharibə veteranı deputatın əməllərindən prezidentə yazdı

Əfqanıstan müharibəsi veteranı Fərman Xeyrulla oğlu Məmmədov prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Surəti "Yeni Müsavat" qəzetinin redaksiyasına göndərilən müraciətdə şikayətçi Milli Məclisin deputatı Elmira Axundova və onun oğlu Həbib Axundov tərəfindən aldadılaraq məhrumiyyətlərə düçar edilən onlarla şəxsdən biri olduğunu yazır:

"Olar-olmazı əllərindən çıxarılaraq müflis edilmiş və bu səbəbdən Sizə müraciət imzalayan onlarla şəxsdən biriyəm. Mən Əfqanıstan müharibəsinin od-alovundan keçmiş, çox çətinliklər görmüş bir əsgər kimi bəzi məmurların və onların övladlarının müstəqil dövlətçiliyimizə, qanunlarımıza, insanlığa olan aşkar hörmətsizliklərini başa düşməkdə acizəm. Bu gün Azərbaycan dövlətində yaşayan insanın hərtərəfli inkişafı üçün hər cür şərait vardır. Məmurlar və övladları cəmiyyətdə davranışları ilə nümunə olmalıdırlar, heç kimə xüsusi imtiyaz verilməyib. Bu sözləri möhtərəm cənab prezident öz çıxışlarınızda dəfələrlə yüksək tribunalardan bildirmisiniz. Sizin tapşırıqlarınızı qanun kimi qəbul edirəm. Çox təəssüf edirəm ki, görülən tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq hələ də ləyaqətsiz, bəzən də cinayətkar davranışları və əməlləri ilə cəmiyyətə aşkar hörmətsizlik edərək meydan oxuyan, maddi cəhətdən imkansızları, özlərinə nisbətən zəifləri, arxasızları məmur valideynlərinə arxalanaraq əzənlər az deyildir".

Müraciət müəllifi daha sonra yazır ki, Həbib Axundov tərəfindən aldadılaraq son qəpikləri əllərindən alınıb: "Borc girdabına və oradan da həyatın dibinə yuvarlanmışıq. Bu işdə hamımızın çox hörmət etdiyi, arxalandığı, güvəndiyi, dövlətçiliyimizin dönməz dayağı olduğunu dəfələrlə sübut etmiş polis orqanının bəzi əməkdaşlarının da həmin şəxslə əlbirliyi, ona yardımı və vasitəçiliyi insanda haqlı təəccüb və təəssüf doğurur. Onlarla insanı aldadıb həyatlarını zəhərə döndərən, yeganə oğlu Həbib Axundovu cəmiyyət üçün xeyirli övlad kimi yetişdirə və normal ailə tərbiyəsi verə bilməyən Elmira Axundovanın müxtəlif televiziya kanallarında gənclərə öyüd-nəsihət verməsi, problemə düçar olmuş şəxslərə yol göstərməsi və bəzən də şou üçün göz yaşları axıtması insanda ikrah hissi yaradır. Aldadılmış insanlar çarəsiz durumda və ümidsiz olaraq çıxış yolları axtardıqları halda, Həbib Axundov Londonda, Dubayda, Antalyada və dünyanın müxtəlif şəhərlərində kef məclisləri qurur, dövlət nömrə nişanları 111-lə bitən 5-6 ədəd bahalı ("Porshe", "Jeep"-Wrangler) avtomaşınlar sürür, "Port-Baku" adlanan bahalı yaşayış kompleksində anasına və özünə məxsus 370 kv. metrlik mənzildə qiyməti milyonlarla manat olan təmir apartdırır. A.Alı küçəsi 45 ünvanında 5 mərtəbəli dəbdəbəli qeyri-yaşayış sahəsinin inşasını tamamlatdırır. Dövlət Gömrük Komitəsində aylıq əmək haqqı 600 manat təşkil edən bu şəxs hansı vəsait hesabına dəyəri milyonlarla ölçülən bu işləri görə bilir?"

Müharibə veteranı deputat oğlunun işdə adı keçən şəxsi ölkədən çıxardığını bildirir: "Elmira Axundovanın xeyir-duası ilə "fəaliyyət" göstərmiş oğlu Həbib Axundov cəzasızlıq mühitində yaşayacağını zənn edir. Toruna saldığı Elnur İbrahimovu çirkin məqsədləri üçün tam istifadə etdikdən sonra şou düzəldərək onu Gürcüstan vasitəsilə Rusiyaya yola salan Həbib Axundov bütün cinayətləri Elnur İbrahimovun üzərinə yönəltməklə sudan quru çıxdığını düşünür.

Möhtərəm cənab Prezident!

Elmira Axundovanın Müdafiə Nazirliyinin ərzaq, geyim və əşya tenderlərində tutduğu qulluq mövqeyindən sui-istifadə etməklə müxtəlif fiziki və hüquqi şəxsləri müəyyən haqq (şəriklik) müqabilində qalib elan etdirməsi hesab edirəm ki, dövləti cinayətdən başqa bir şey deyildir. Elmira Axundova bu cür işbazlığı nəinki dövlətimizin və şəxsən Sizin Ali Baş Komandan kimi daim qayğı və nəzarətdə saxladığınız, həddindən artıq həyati sahə olan Müdafiə Nazirliyində, eləcə də əlillərin və müvəqqəti işsizlərin ümid yeri olan, yenə də əhalinin aztəminatlı hissəsinin sosial problemlərinin həlli ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də davam etdirməsi nəticəsində dövlət büdcəsinin 100 minlərlə manat vəsaiti talan edilib".

Müraciət müəllifi E.Axundovanın əmlaklarını sadalamaqla bunları deputat maaşına almaq mümkün olmadığını da diqqətə çatdırır: "Qazancı şəxsi "Audi Q7" markalı avtomaşını almağa, sürücü saxlamağa, gəlininə "Toyota-Prado" markalı avtomaşın almağa, ona da sürücü saxlamağa, Qəbələdə iki mərtəbəli, mansarlı dəbdəbəli villa tikdirməyə, Şüvəlanda möhtəşəm villa almağa, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 72 ünvanında 6 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etdirməyə, oğlunun dəyəri yüz minlərlə manat ölçülən bahalı maşınlarının "kreditlərini" ödəməyə, "Favorit" marketlər şəbəkəsini saxlamağa necə kifayət edir?

Bu suallara cavabın Axundovların əsl üzünü cəmiyyətə açacağına tam əminəm.
Möhtərəm cənab Prezident!

Yuxarıda qeyd etdiklərim və yazmadıqlarım barədə məndə kifayət qədər sübutlar vardır. Həmin sübutlar 500 dəqiqədən çox audioyazı olmaqla Elmira Axundovanın, oğlu Həbib Axundovun, eləcə də bu işdə əli olan digər şəxslərin danışıqlarından ibarətdir. Xahiş edirəm müraciətimi şəxsi nəzarətinizə götürməklə hərtərəfli araşdırılması və qanuni tədbirlərin görülməsi üçün müvafiq strukturlara göstəriş verəsiniz".

Müraciət müəllifi səs yazılarını da məktubuna əlavə etməklə dövlət başçısına yolladığını da qeyd edir.