Baş redaktor ona hökm oxutduran rəisə savaş elan elədi: “Asan olmayacaq...”

Məlum olduğu kimi dünən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi sona çatıb.

Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda son çıxışlar olub və qərar elan olunub. Məhkəmə Elnur Məhərrəmlini CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək, onun əməkhaqqının 15 faizi dövlət nəfinə tutulması şərti ilə, 1 il 6 ay islah işləri cəzasına məhkum olunması barədə qərar çıxarıb.

Baş redaktorun vəkili Elçin Sadıqov AzNews.az-a açıqlamasında məhkəmə hökmünün əsassız olduğunu, apellyasiya şikayəti verəcəklərini bildirib.

E.Məhərrəmli də hökmü "əsassız və sifarişli" adlandırıb: "Apellyasiya şikayəti verəcəyik və bundan sonra faktlar danışacaq. Ötən il oktyabrın 16-da keçirilən iclasda sözügedən məqalədə təhqir və böhtanın olub-olmadığını müəyyənləşdirmək üçün məhkəmə ekspertizasının keçirilməsi barədə qərar verilmişdi. Yanvarın 5-də keçirilən növbəti iclasda hakim ekspert rəyini elan etmiş və onu tərəflərə təqdim etmişdi. Məlum olmuşdu ki, qarşı tərəf məqalə ilə bağlı tamamilə əsassız, saxta ekspert rəyinin alınmasına nail olub. Belə ki, ekspertizanın icraçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov dolaşıq, ziddiyyətlərlə dolu "ekspert rəyində" sonda bu qənaətə gəlib ki, "kobud", "özündənrazı", "heç kimdir" kimi söz və ifadələr Nuşirəvan Səfərovun şərəf və ləyaqətini ləkələyən, ətrafdakıların yanında onu nüfuzdan salan məlumatlardır və linqvistik izahı baxımından təhqiredici xarakterə malikdir. Halbuki, bu dilçi alim elə özü yazır ki, məsələn,"özündənrazı" sözü özünü bəyənən mənasını verir. Lakin onun qənaətinə görə, bu, şəxsin kəskin neqativ qiymətləndirilməsidir. Bu məntiqdən belə çıxır ki, məsələn, Nuşirəvan Səfərovun və ya bir başqasının özünü bəyənməsi onun "kəskin neqativ şəxs" olduğunu göstərər, ona görə də N.Səfərov və başqaları özünü bəyənməməlidir.

Özünübəyənən mənasını verən "özündənrazı", gündəlik həyatda hamının bir-birinə qarşı işlətdiyi "kobud", tanınmış ictimai-siyasi xadimlər, hətta ölkəni idarə edənlər barəsində müxtəlif toplantılarda, KİV çıxışlarında işlədilən "savadsız" sözlərini Nuşirəvan Səfərovun şərəf və ləyaqətinin alçaldılması, təhqir olunması kimi qiymətləndirən R.Heydərovun alimliyi, ziyalılığı, əlbəttə ki, şübhə doğurur.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hansı əsasla Azərbaycanda kifayət qədər tanınmış, nüfuzlu, özünün və sözünün çəkisi olan dilçi alimlər olduğu halda, işlədiyi elm ocağında kollektiv arasında heç bir hörməti olmayan, elm ictimaiyyəti tərəfindən tanınmayan, tanıyanlar da barəsində bir kəlmə müsbət fikir işlətməyə çətinlik çəkən bir adamı belə ciddi məsələdə ekspert kimi seçib, bunu anlamaq çətindir".

E.Məhərrəmli deyir ki, "özündənrazı" "kobud" kimi gündəlik həyatda, hətta KİV dilində tez-tez işlədilən sözləri N.Səfərovun təhqir olunması, şərəf və ləyaqətinin alçaldılması kimi qələmə verən ekspertin özünü də, onun verdiyi rəyi də qəbul etmir: "Rəylə tanış olduqdan sonra, R.Heydərovun gəldiyi yekun qənaətlə bağlı bir neçə nüfuzlu dilçi alimlə danışdım. Onlar bu rəyə, sadəcə olaraq, güldülər. Ona görə də, əlimizdə əsas var düşünək ki, bu rəy sifarişlə alınıb. Əlbəttə, biz sözügedən məqalədə barəsində danışdığımız "DYP mafiyasının" gücünü çox yaxşı bilirik. Saxta rəy təşkil etmək kimi xırda məsələlər onların əlində heç nədir".

E.Məhərrəmli deyir ki, sifarişli ekspert rəyinə baxmayaraq, məhkəmənin ədalətli qərar çıxaracağına, N.Səfərovun əsassız iddiasının rədd olunacağına ümid edir: "50-60 min oxucusu olan bir saytla müharibə istəyirsə, biz buna hazırıq. Əmin olsun ki, bundan sonra onlara asan olmayacaq.
Amma mən ümid edirəm ki, Nuşirəvan Səfərov özündə güc taparaq ATV telekanalı, "Səs TV" kimi hökumətə yaxın media strukturları ilə də şərəf və ləyaqət davasına çıxacaq. Axı onlar DYP-yə qarşı bizdən də sərt ittihamlar irəli sürüblər. Yəqin ki, hörmətli, savadlı, özündənnarazı, mənəvi dünyası təmiz Nuşirəvan müəllim, ATV və "Səs TV"-nin rəhbərlərinin də həbsini tələb edərək, şərəf və ləyaqət məsələsində ikili standarta yol vermədiyini nümayiş etdirəcək".

Xatırladaq ki, DYP rəisi "AzPolitika" saytının 31 avqust tarixli sayında dərc olunmuş"Nuşirəvan və "bayquşlarının" sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir!"adlı yazıda təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, Elnur Məhərrəmlinin CM-nin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması barədə iddia qaldırmışdı.