ATV-də modellərin qalmaqalı – Veriliş bağlana bilər

“Əgər “Bu stil mənim” verilişində etikadan kənar ifadələr varsa, iştirakçı Günel Məmmədova məhkəməyə müraciət edə bilər”.


Bunu AzNews.az-a açıqlamasında media eksperti Ələsgər Məmmədov ATV-də yayımlanan "Bu stil mənim" verilişində baş verən qalmaqala münasibət bildirərkən deyib.

O, prosesin nə qədər səhnələşdirilməsinin gerçək həyatdan uzaq olmasını əslində, tamaşaçı aditoriyasına yönələn bir hörmətsizlik kimi qiymətləndirib: "Tamaşaçı hər şeyi görür. Baş verənlər verilişin yaradıcıları, prodüserləri ilə bağlı konkret olaraq, Milli Televiziya və Radio Şurasının əlində bir əsas ola bilər. Şura daha öncə buna oxşar məsələdə Xoşqədəm Hidayətqızını günahlandırmışdı. Bildirmişdi ki, bunlar öncədən səhnələr qururlar, duyğu, hisslərlə məşğuldurlar. Bu da konkret olaraq reytinq üçün qurulmuş, eyni zamanda insanın mənəvi dəyərləri ilə oynayan haldır".

Ə.Məmmədoğlu verilişdə münsif üzvü olan Günay Musayevanın türk dilində danışması məsələsinə də toxunub: "İstənilən halda insanlar hansı dildə danışmaqda sərbəstdirlər. Azərbaycan dili qaydaları aparıcılara aiddir. İştirakçı, yaxud da qonaq bu dili yaxşı bilmirsə, əlbəttə ki qınanılacaq bir məqam deyil. Amma arzuolunan odur ki, hər kəs Azərbaycan dilinə hörmətlə yanaşsın".

Xatırladaq ki, ATV-də yayımlanan "Bu stil mənim" verilişində qalmaqal yaşanıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva iştirakçı Günel Məmmədovanı tənqid edib və onu digər iştirakçıları alçatmağa çalışmaqda günahlandırıb. Modelin tənqidlərini qəbul etməyən G.Məmmədova göz yaşlarını saxlaya bilməyib və olanlarla bağlı mətbuata açıqlama verib. O, müsahibəsində bütün bunları reytinq qazanmaq məqsədi ilə etdikərini, millətin diqqətini çəkmək istədikərini bildirib.



Bahar RÜSTƏMLİ
AzNews.az