Bakıda FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirildi - FOTO

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib.


Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün Azərbaycan beynəlxalq miqyasda bir idman dövləti kimi tanınır və ölkə idmanının belə yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir: "Bunun nəticəsidir ki, ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Ölkəmizdə keçirilmiş I Avropa Oyunları, dünya və Avropa çempionatları, beynəlxalq turnirlər müasir tələblər baxımından yüksək səviyyədə təşkil edilir. Məhz buna görə beynəlxalq idman qurumları mütəmadi olaraq belə tədbirlərin Vətənimizdə keçirilməsinə böyük etimad göstərirlər. Bu etimadı doğrultmaq üçün biz ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və rəhbərliyi ilə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Əminəm ki, bu yarışın da yüksək səviyyədə keçirilməsinə nail olacağıq".

Daha sonra nazir qeyd edib ki, batut gimnastikası dünyada, o cümlədən ölkəmizdə çox sevilən, böyük tamaşaçı kütləsi toplayan idman növüdür: "Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bütün gimnastika idman növlərinə, o cümlədən batut gimnastikasına diqqət və maraq xeyli artıb. Bunun nəticəsində bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və idman bayramına çevrilir. Fürsətdən istifadə edib, Azərbaycan idmanına göstərdikləri diqqət və qayğıya görə, ölkə rəhbəri cənab İlham Əliyevə və respublikanın birinci xanımı Mehriban Əliyevaya idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildirirəm".

Nazir A.Rəhimov həmçinin qeyd edib ki, 2013-cü ildən ölkəmizdə inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ilk dəfədir ki, vətənimizdə təşkil olunur: "Belə bir mötəbər yarışın respublikamızda keçirilməsinə etimad göstərdiklərinə görə Beynəlxalq Gimnastika Federasiyasınin rəhbərliyinə təşəkkür edirəm. Dünyanın 17 ölkəsinin idmançılarının qatıldığı bu yarış, şübhəsiz ki, Azərbaycanda bu idman növünün inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq, idmançılarımızın təcrübə toplamalarına münbit şərait yaradacaq. Əminəm ki, yarışı izləməyə gəlmiş tamaşaçı və azarkeşlər üçün də bu tədbir unudulmaz hadisə kimi yaddaşlarda qalacaq. Ümüd edirəm ki, Dünya Kubokunda öz qüvvələrini sınayan idmançılar avqust ayının 5-dən 21-dək Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında öz bacarıqlarını nümayiş etdirəcəklər. Hər bir idmançıya layiqli mübarizə aparmağı və qələbə əldə etməyi arzulayıram".

Sonra açılış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının Batut Gimnastikası üzrə Texniki Komitəsinin Prezidenti Horst Kunze çıxış edib.

H.Kunze bildirib: "Dünyanın müxtəlif ölkələrindən təşrif buyurduğunuza və bu Dünya Kuboku mərhələsini iştirakınızla dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Beynəlxalq Gimnastika Federasiyası, onun Prezidenti Bruno Qrandi başda olmaqla, Sizə öz salamlarını çatdırır. Cənab Qrandi bu il gərgin iş qrafiki olduğundan burada iştirak etmədiyi üçün təəssüf hissi keçirir. Bu Dünya Kubokuna hazırlıq prosesində gördüyü bütün işlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdaram. İndi isə mən bütün idmançılara müvəffəqiyyətlər və tamaşaçılara maraqlı yarış həyəcanı arzu edirəm".

Daha sonra açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov çıxış edib: "İlk öncə, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın adından batut gimnastikası üzrə Dünya Kubokunun bütün iştirakçılarını salamlayıram! İki həftə bundan əvvəl Milli Gimnastika Arenası ilk dəfə olaraq Bakıda idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunu qəbul etdi. Bu gün isə biz gimnastikanın digər növü - batut gimnastikası üzrə ölkəmizdə ilk dəfə keçirilən Dünya Kuboku mərhələsinin şahidi oluruq".

A.Həsənov qeyd edib ki, 2016-cı ilin əvvəlində Bakıda ardıcıl olaraq belə mötəbər yarışların keçirilməsi, xüsusilə də Azərbaycan üçün nisbətən yeni növ olan batut gimnastikası üzrə Dünya Kuboku yarışının təşkili, ölkəmizdə gimnastika növlərinin inkişafının yeni mərhələyə qədəm qoymasından xəbər verir: "Bu yarış meydançasında iki gün ərzində istedadlı və kifayət qədər məşhur batutçuların çıxışlarını izləyəcyik. Məhz belə idmançıların çıxışları artıq ölkəmizdə batut gimnastikasına böyük maraq göstərən, yetişən gənc nəsil gimnastlarını ruhlandırır, onları böyük idmanda mətin olmağa çağırır. Yarışların keçirilməsində əməyi olan təşkilat komitəsinin hər bir üzvünə, könüllülərə, buraya toplaşan tamaşaçılara minnətdarlığımı bildirirəm və idmançılara uğurlar və yeni qələbələr arzulayıram! Növbəti gimnastika bayramı münasibətilə hamınızı təbrik edirəm və batut gimnastikası üzrə FIG Dünya Kubokunu açıq elan edirəm!"

Bundan sonra müxtəlif gimnastika növlərinin təqdimatı ilə rəngarəng açılış mərasimi baş tutub. Azərbaycan idmançıları üç musiqi kompozisiyasının müşayiəti altında çıxış ediblər - Karla Orfun "Carmina Burana" kompozisiyası, milli Azərbaycan musiqisi və çıxışı "Ey Vətən" mahnısının sədaları altında başa çatdırıblar.

Qeyd edək ki, ilk yarış günündə kişi və qadınların fərdi və sinxron çıxışlarında təsnifat yarışları keçiriləcək.

Azərbaycanı yarışlarda kişilər arasında İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştarova və Sabina Zaytseva təmsil edir.

Martın 5-6-da Bakıda ilk dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq. İkinci yarış günündə isə finallar baş tutacaq.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.










Trend