FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.

FİDE rəsmiləri Bakıda - Fotolar

FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.


Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, FİDE rəsmiləri gənclər və idman naziri Azad Rəhimov, eləcə də BŞOƏK rəhbərliyi ilə görüşərək mötəbər yarışın hazırlıq işləri ilə tanış olublar. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, eyni zamanda olimpiadanın keçiriləcəyi Bakı Kristal Zalında təşkilati işlərlə maraqlanıb.

42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Kristal Zalda olan qonaqlar Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla görüşüblər. Möhtəşəm arenada oyun zalı, mətbuat və tibb otağı, VİP sektor, tamaşaçılar üçün nəzərdə tutulan yerlərə baxış keçirilib.

FİDE rəsmilərinə Kristal Zalda mətbuat işçilərinin rahat çalışması üçün xüsusi geniş mərkəzin fəaliyyət göstərəcəyi barədə məlumat verilib. Olimpiada vaxtı tamaşaçıların da oyun zalına rahat şəkildə daxil mümkün olacaq. Oyun zalında yerləşdiriləcək monitorlar partiyaları bütün istiqamətlərdən rahat izləməyə imkan verəcək.

Arenadakı vəziyyətlə tanış olan FİDE prezidenti vəzifəsini icra edən G.Makropulos görülən işlərdən razılığını bildirib. FİDE rəhbəri oyun zalında şahmatçılar üçün geniş yerin ayrıldığını xüsusi vurğulayıb. Hazırlıq işlərinin həlledici mərhələyə yaxınlaşdığını söyləyən Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru M.Məmmədov mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüləcəyini deyib.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Kristal Zalda keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.