Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində 1/2 final mərhələsinin cütlükləri dəqiqləşib. Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində 1/2 final mərhələsinin cütlükləri dəqiqləşib.

Erməni Türkiyədə dünya çempionumuza - Rəqib oldu

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində 1/2 final mərhələsinin cütlükləri dəqiqləşib.


Finala gedən yolda Azərbaycan millisinin 5 boksçusu da rəqibini tanıyıb.

Belə ki, Yana Alekseyevna (60 kq) Avropa Oyunlarının yarımfinalında olduğu kimi bu dəfə də Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylorla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək. Boksçumuz qalib gəlməklə, Bakıdakı məğlubiyyətin revanşını almağa çalışacaq.

Dünya çempionumuz Cavid Çələbiyev (56 kq) isə finala gedən yolda Ermənistan millisinin üzvü Aram Avaqyanla döyüşəcək. Düşmən ölkə təmsilçisinin karyerasında yalnız 3 il öncə Avropa çempionatında qazandığı bürünc medal olduğunu nəzərə alsaq, həmyerlimizin mənfur qonşumuza gücünü göstərəcəyi şübhəsizdi.

Yığmamızın milliləşdirilmiş legioneri Lorenzo Sotomayor (64 kq) yer boksçu Batuhan Gözgeclə qüvvəsini sınayacaq. Görüşün Avropa Oyunlarının qalibi üçün asan keçməyəcəyini proqnozlaşdırmaq olar.

Bakı-2015-in digər qalibi Abdulqadir Abdullayev (91 kq) yarımfinalda böyük britaniyalı Lavrense Okolye ilə gücünü yoxlayacaq. Təmsilçimizin gənc həmkarı qarşısında büdrəyəcəyi inandırıcı görünmür.

Avropa və ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da final üçün Türkiyə boksçusu ilə gücünü yoxlayacaq. Millimizin lideri Ərən Əli Dəmirəzənlə üz-üzə gələcək. Rəqibin ciddi uğurunun olmadığını nəzərə alsaq, Məcidovun mərhələ adlaması gözləniləndi.

Yarımfinal döyüşləri sabah keçiriləcək. Kişi boksçularımıza Rioya lisenziya üçün 2 görüşdə 1 qələbə lazım olduğu halda, Alekseyevna mütləq finala vəsiqə qazanmalıdı.

Qeyd edək ki, reqlamentə əsasən kişi boksçular arasında 3-cü yer uğrunda qarşılaşma olacaq.

apasport.az