Qadın güləşçilərimiz yarımfinalda

Braziliyada keçirilən Yay Olimpiya Oyunları çərçivəsində qadın güləşi üzrə yarışlara start verilib.


Bu gün təmsilçilərimiz Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.

Mübarizəyə 1/8 final mərhələsindən qoşulan M.Stadnikin ilk rəqibi argentinalı Patrisia Bermudes olub. Güləşçimiz ilk hissədə rəqibindən 10 xal alaraq vaxtından əvvəl qələbə qazanıb. O, 1/4 finalda Polşa idmançısını da vaxtından əvvəl məğlubiyyətə uğradıb - 10:0.

Y.Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Ukraynalı Oksana Herhel qarşılaşan təmsilçimiz 7:5 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Bu mərhələdə Y.Ratkeviç kolumbiyalı Jaklin Penteria ilə üz-üzə gəlib. Rəqibinə aman verməyən güləşçimiz (7:3) adını yarımfinala yazdırıb.


Trend.az