Bu gün dünya çempionatının səkkizdəbir final mərhələsində Fransa və Argentina yığmaları qarşılaşacaq. Bu gün dünya çempionatının səkkizdəbir final mərhələsində Fransa və Argentina yığmaları qarşılaşacaq.

“Messi gözlənilməz futbolçudur” - Didye Deşam

Bu gün dünya çempionatının səkkizdəbir final mərhələsində Fransa və Argentina yığmaları qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam oyun öncəsi açıqlamasında Lionel Messidən çəkindiklərini etiraf edib: “Messinin istedadı hər zaman onu fərqləndirir. O, adi bir hərəkət ilə meydanda vəziyyəti dəyişməyə qadirdir. Messi gözlənilməz futbolçudur, nə zaman nə edəcəyi bilinmir. Bu, onun unikallığının bir hissəsidir. Yığmada 127 oyun keçirib, 10-larla qol vurub. Əsas məsələ onu zərərsizləşdirməkdir. Amma dediyim ki, azacıq səylə oyunun nəticəsini dəyişə bilir. Messinin Argentina millisinin oyununa təsirini məhdudlaşdırmaq üçün bir neçə variantımız var. Əlbəttə, bizim də Messi kimi İspaniyada çıxış edən oyunçularımız var, amma bu, üstünlük deyil. Həmin futbolçularımız Leoya qarşı oynasalar belə, bu, o demək deyil ki, biz onu tamamilə zərərsizləşdirəcəyik”.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq səkkizdəbir final mərhələsinin ilk görüşündə Fransa və Argentina yığma komandaları üz-üzə gələcəklər. “Kazan Arena”da keçiriləcək matçın baş hakimi iranlı Alireza Faqani olacaq.

“C” qrupunda Avstraliya (1:0) və Peru (1:0) yığmalarına qalib gələn fransızlar sonuncu görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.

Çempionatın favoritlərindən hesab olunan Argentina yığması yer aldığı “D” qrupunda göstərdiyi oyunla azarkeşlərinin istəyinə cavab verə bilməyib. İlk oyunda çempionatın debütantı İslandiya ilə 1:1 hesablı heç-heçə edən argentinalılar ikinci görüşdə Xorvatiya yığmasına məğlub olublar – 0:3. “Gümüşü ölkə” təmsilçiləri səkkizdəbir finala Nigeriya üzərində 2:1 hesablı çətin qələbə sayəsində çıxa biliblər.

Günün digər oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı meksikalı referi Sezar Ramos idarə edəcək. Matç Soçidəki “Fişt” stadionunda oynanılacaq.

AzNews.az