İdmana ayrılan pullar hara xərclənir?



Tender Monitorinq Mərkəzi İctimai Birliyi tərəfindən QHT-lərin konsersumu ilə birlikdə həyata keçirilən "Azərbaycanda idmana qoyulan sərmayə və bu sahədə şəffaflığın təmin edilməsi" layihəsinin yekunu olaraq hazırlanan hesabatın təqdimatı keçirilib. Layihənin rəhbəri Könül Bayramova bildirib ki, layihənin əsas məqsədi 2003-2012-ci illərdə ölkədə idmana qoyulan investisiyanın ümumi məbləğini və mənbəyi müəyyən etmək, əcnəbi idmançıların milliləşməsi prosesi ilə bağlı məlumatlar toplamaqdır.

Layihə müəllifləri idmanla heç bir bağlılığı olmayan ayrı-ayrı nazirlərin idman federasiyalarına rəhbərlik etməsini korrupsiyaya şərait yaradan hal kimi dəyərləndiriblər. "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sədri Əlövsət Əliyev qeyd edib ki, vergilər naziri Fazil Məmmədov artıq 3 federasiyaya rəhbərlik edir: "Yaxud dünyada ən bahalı idman növü olan atçılıqla bağlı vəziyyətə diqqət yetirək. Atçılıq Federasiyası ən bahalı atları Azərbaycana gətirib, ancaq bu atların necə alındığı, harada saxlandığı məlum deyil".

Layihə müəllifləri xüsusilə əcnəbi idmançıların milliləşdirilməsi, onların pasportla təmini ilə bağlı məqamlara diqqətləri çəkərək, bu zaman qeydə alınan qanun pozuntularını xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycanda heç bir əcnəbi idmançıya vətəndaşlıq verilməyib. Həmçinin qeyd olunub ki, 2007-2011-ci illər ərzində idman seksiyalarında idmanla məşğul olanların sayı 9 faiz artıb. Bu isə əhalinin 5 faizini təşkil edir.

Layihə iştirakçıları ölkəmizdə idmanın kütləviləşməsi zəruriliyinə toxunaraq idman komplekslərinin qiymətlərini əhalinin hər bir təbəqəsi üçün əlçatan olmasının zəruriliyini qeyd ediblər. Tədbirdə bədən tərbiyəsi və idmanın dövlətin prioritet sahəsi olmasını, 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə keçiriləcəyi nəzərə alınaraq bu sahədə səmərəliliyi təmin etmək üçün tövsiyələr verilib.

Elnarə Əlosmanqızı
AzNews.az
image description