Forbes 2014-cü ilin ən bahalı idman brendlərini açıqladı

“Forbes” jurnalı 2014-cü ilin ən bahalı idman brendlərini açıqlayıb.



AzNews.az xəbər verir ki, reytinq dörd kateqoriya üzrə tərtib olunub: idmançılar, şirkətlər, hadisələr və komandalar.

İdmançılar üzrə birinci yeri basketbolçu Lebron Ceyms tutub. Jurnal tərəfindən qiymətləndirilən brendin dəyəri 37 milyon dollardır. Daha sonra qolfçu Tayqer Vuds (36 milyon dollar) və tennisçi Rodjer Federer (32 milyon dollar) siyahıda yer alıblar. Qeyd olunur ki, Vuds liderliyini 2007-ci ildən bəri ilk dəfədir ki, itirir.

Dördüncü yeri qolf oyunçusu Fil Mikelson (29 mln dollar), beşinci yeri isə kriketçi Maxendra Sinqx Dxoni (20 mln dollar) tutub. Top 10-u yüngül atletikanın ulduzu hesab edilən Useyn Bolt, futbolçu Kristiano Ronaldo, basketbolçu Kobi Brayant, futbolçu Lionel Messi və tennisçi Rafael Nadal tamamlayıb.

Ən bahalı idman şirkətləri siyahısına Nike (19 milyard dollar), ESPN (16,5 milyard dollar) və Adidas (5,8 mlrd dollar) daxil edilib.

Ən bahalı idman tədbirləri siyahısına Superboul başçılıq edir (500 mln dollar). Siyahıda həmçinin yay olimpiya oyunları (348 mln dollar), qış olimpiya oyunları (285 mln dollar) və futbol üzrə Dünya Çempionatı (170 mln dollar) yer alıb.

Nəhayət, ən bahalı komandalar siyasında "Nyu-York Yankiz" (521mln dollar) , "Real Madrid" (484 mln dollar), "Barselona" (438 mln dollar), "Dallas Kovboyz" (404 mln dollar) və "Mançester Yunayted" (399 mln dollar) təqdim olunub .

Aydan Axundova
AzNews.az