- Köhnə - İdman
- 12 Aprel 2015 22:08
- 1 903
Azərbaycan atleti Avropa çempionu oldu
Azərbaycanın ağırlıqqaldırma üzrə atleti Valentin Xristov Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Valentin Xristov 62 kiloqram çəki dərəcəsində A qrupunda mübarizə aparıb. O, birdən ağırlıq qaldırmada əvvəlcə 133, sonra isə 135 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq turnir cədvəlinə başçılıq edib.
Atletimiz təkanla ağırlıq qaldırmada ilk cəhddə 160 kiloqramın öhdəsindən də asanlıqla gəlib. Bu çəki onun üçün həlledici olub. Valentin Xristov həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Atletlərin çıxışlarını izləyən münsiflər heyətində Azərbaycanı Əməkdar İdman Xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edib.
Qeyd edək ki, çempionat aprelin 18-dək davam edəcək və aprelin 13-də Azərbaycanın qadın atleti Boyanka Kostova 53 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulacaq.
V.Xristov qələbə sevincini belə bölüşüb: "Avropa çempionu olmaq mənim çoxdankı arzum idi. Bu gün Azərbaycan bayrağını qaldırmaqla mən bu arzuma çatdım. Lakin işimiz bununla yekunlaşmır. Bizi qarşıda daha böyük və çətin sınaq gözləyir. Təqribən 6 aydan sonra Hyustonda ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək. İndi əsas məqsədimiz həmin çempionatda uğurla çıxış edərək, dünya çempionu adını qazanmaqdır. İnanıram ki, biz buna da nail olacağıq".
Avropa çempionu məşqçilərinə və onu dəstəkləyən hər bir şəxsə minnətdarlığını bildirib.