“Avropa Oyunlarında rolumun olmasına çox sevinirəm” - Müsahibə

Ulduz səfir Murad Dadaşov: “Prezident İlham Əliyev məşəli alova yaxınlaşdıranda böyük qürur hissi keçirdim”


Artıq "Bakı-2015" Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Azərbaycan bu mötəbər yarışa böyük məsuliyyət hissi ilə hazırlaşır. Dövlət nümayəndələri, idmançılarımız başda olmaqla, bu tarixi tədbirə hər kəs kimi incəsənət xadimləri də ciddi şəkildə hazırlaşırlar. Xatırladaq ki, Avropa Oyunlarında hər idman növü üzrə bir ulduz səfir seçilib. Həmin incəsənət nümayəndəsi öhdəlik götürdüyü idman növü üzrə ixtisaslaşmalı, vətəndaşlara bununla bağlı məlumatlar çatdırmalı, bir sözlə, bu idman növünün simasına çevrilərək, onu təbliğ etməlidir. Beləliklə, "Kaspi"nin budəfəki qonağı Avropa Oyunlarının ulduz səfiri, su idmanı növləri üzrə səfir seçilən əməkdar artist Murad Dadaşovdur. O, bizimlə söhbətində Avropa Oyunlarının Azərbaycana gətirəcəyi uğurlardan danışdı.

- Murad bəy, ulduz səfir olaraq Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim üçün çox vacib və əhəmiyyətli hadisədir. Azərbaycan ictimai-siyasi və mədəni həyatında Avropa Oyunlarının xüsusi rolu var. Azərbaycanın nəinki Avropaya, mən deyərdim ki, dünyaya tanınmasında bu, ən əhəmiyyətli hadisələrdən biridir. Hesab edirəm ki, Avropa Oyunlarının əhəmiyyətliliyi, vacibliyi nəinki idmanımıza, eyni zamanda, gələcək nəslin Avropaya daha yaxından inteqrasiya etməsinə böyük təsir göstərəcək. Avropa deyəndə heç də ağlınıza Avropanın daha çox inkişaf etmiş hansısa ölkəsi və ya hansısa bizim milli-mədəni mentalitetimizə uyğun olmayan hərəkətlər gəlməsin. Avropanın özündə də ənənələr deyilən bir anlayış var. Avropa Oyunlarını keçirməklə biz öz qapılarımızı dünya ölkələrinin nümayəndələrinə açmış oluruq. Beynəlxalq təşkilatlar tez-tez oturduqları kürsülərdən insan hüquqlarının pozulması və digər problemlər haqqında danışıb, müzakirələr aparırlar. Ancaq buna baxmayaraq, onların Azərbaycandan xəbərləri yoxdur. "Bakı-2015" Avropa Oyunları 2015-ci ilin iyununda, Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa Oyunlarıdır. Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir və oyunlarda 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Azərbaycan dünya ölkələri üçün hər baxımdan sivil, stabil və etibarlı partnyordur. Bunun üçün də mən Avropa Oyunlarının Azərbaycanda keçirilməsini çox yüksək qiymətləndirirəm. Bir neçə gün bundan öncə Atəşgah məbədində alovun yandırılması mərasimində cənab Prezidentimiz İlham Əliyev məşəli alova yaxınlaşdıranda böyük qürur hissi keçirdim. Mənim üçün bu, bir vətəndaş olaraq çox əhəmiyyətli hadisə idi. Əminəm ki, idman bayramına toplaşan bütün Azərbaycan vətəndaşları o an öz ölkələri ilə qürur duydular. Ümid edirəm ki, hər kəs qısa zaman ərzində bu hadisənin nə qədər vacibliyini hiss edəcək. Azərbaycanın bütün dünyada idman ölkəsi olaraq tanınması bizə ancaq qürur gətirə bilər. Qoy bütün dünya bizi idman ölkəsi olaraq tanısın. Daxilimizdə elə bir faktor var ki, biz artıq böyük hadisələrə, qələbələrə öyrəşmişik. 2005-ci ildə ilk azərbaycanlı idim ki, Ukraynaya, "Eurovision" mahnı müsabiqəsini izləməyə getmişdim. O vaxt Avropa Yayımları İttifaqının Azərbaycan haqqında demək olar ki, xəbəri yox idi. Ancaq indi bu sahədə də sözümüzü deməyi bacarırıq.

- Ulduz səfir olmaq çox məsuliyyətli bir işdir. Avropa Oyunlarında səfir olaraq hansı işləri görəcəksiniz?

- Bu məsuliyyətli işin öhdəsindən böyük qürur və sevinc hissi ilə gələcəyəm. Çox sevinirəm ki, məni Avropa Oyunlarında ulduz səfir seçiblər. Su İdmanı Sarayı yüksək səviyyədə tikilmiş mərkəzdir. Allahın izni ilə qısa müddət ərzində orada çoxsaylı qonaqları, tamaşaçıları, idmançıları qəbul edəcəyik. Su idmanı növləri federasiyası ilə sıx əməkdaşlıq edirik. Onlar işlərini bilən, peşəkar insanlardır. Üzərilərinə düşən vəzifənin öhdəsindən peşəkarcasına gəlirlər. Ümumiyyətlə, Azərbaycan suyu bol olan bir ölkədir. Su idmanı növlərinin Azərbaycanda inkişafı çox vacibdir. Əminəm ki, biz bu sahədə böyük uğurlara imza atacağıq. Avropa Oyunları bitdikdən sonra bu idman sarayı xalqımızın istifadəsinə veriləcək. İnanıram ki, suya tullanmaq, su voleybolu, üzgüçülük kimi idman növlərində Azərbaycan öz sözünü deyəcək.

- Maraqlıdır, səfir seçildiyiniz su idmanı növü ilə əvvəllər aranız necə idi? Bu idman növlərinə marağınız var?

- Güman belə etmirdim ki, mənim bəxtimə su ilə bağlı hər hansı bir idman növü düşər (gülür). Mənim boyumu nəzərə alsanız, görərsiniz ki, istəsəm də, bu işin heç zaman öhdəsindən gələ bilmərəm. Amma ən çox sevdiyim idman növlərindən biri "water ball"dur. Bu idman növünü hər zaman sevərək və diqqətlə izləyirəm. Əminəm ki bizim çox gözəl "water ball" idman millimiz olacaq. Onların oyunlarında məmnuniyyətlə iştirak edəcəyəm.

- Sizcə, Avropa Oyunları Azərbaycana nə verəcək? Bu Oyunların vətəndaşlarımız üçün problemlər yaradacağı haqqında bəzən əsassız söhbətlər ortaya atılır.

- Əslinə baxanda, bizə nə lazımdır? Belə fikirlərlə yaşasaq, gərək bizə dünyada heç nə lazım olmasın. Halbuki, Avropa Oyunları bu gün Azərbaycana çox lazımdır. Bu, bizim üçün böyük bir təkandır. Sadəcə olaraq oturub düşünmək, bunu dərk etmək lazımdır. Belə bir tədbirin keçirilməsi Azərbaycanın qısa müddət ərzində tanınması deməkdir. Bəzi insanlarımızın gözündə beynəlxalq yarışma deyəndə sanki bir qorxu yaranır. Bu gün kimsə gəlib deyəndə ki, Avropa Oyunları kimə və nəyə lazımdır, o insanlara baxanda şübhəm yaranır. Bu insanlar vətəndaşlığı, dövlətçiliyi, xəritədə Azərbaycanın yerinin nə dərəcədə vacib olub-olmamasını dərk edirlərmi? Bu neqativ münasibət ünvanlıdır, havadan yaranmayıb, müəyyən qüvvələr var ki, onları istiqamətləndirir. Cənab Prezident açıq-aşkar deyir ki, biz Azərbaycanın onlar üçün müəyyən dərəcədə narahat ölkə olduğunu bilirik. Çünki Azərbaycanı kənardan idarə etmək olmur. Bu, həqiqətdir. Qonşu ölkələrin hamısını idarə etmək olur, böyük dövlətlərin onlara təsiri var. Amma nə qədər Azərbaycan hakimiyyəti ilə xalq arasında uçurum yaratmağa çalışsalar da, bu, alınmır. Çünki insanlar öz dövlətlərində rahatlıq tapıblar. Düzdür, müəyyən iqtisadi çətinliklər yaşayırıq. Devalvasiya baş verdi. Bu, Avropa Oyunları ilə bağlı hadisə deyildi. Sadəcə üst-üstə gəldi. Amma müəyyən qüvvələr bunu elə qələmə verdilər ki, guya bir-birinə bağlıdır. Avropa Oyunlarının ölkə üçün əhəmiyyəti təkcə 2015-2016-ci illəri deyil, gələcəyi əhatə edir. Biz xəritədə çox balaca ölkəyik, əhalimiz 10 milyona yaxındır. Azərbaycanda bir-birindən gözəl idman obyektləri tikilib. Oyunlar bitdikdən sonra onlardan yalnız vətəndaşlar istifadə edəcəklər. Bu oyun vasitəsilə Azərbaycana nə qədər turistin gəlməsini təmin edirik. Vətəndaşlarımız avropalıları Azərbaycanın tarixi, mədəniyyəti, keçmişimizdən agah edirlər və onlar bizi beynəlxalq arenanın bir parçası kimi görməyə başlayırlar. Belə hadisələr ölkəmizə böyük investisiya da gətirir. Hesab edirəm ki, bütün bunlar olduqca vacibdir. Əsas məsələlərdən biri də odur ki, bu oyunlarda təcrübə toplayan gənclərimiz sonradan təşkilati komandalarla xaricdə də işləyə bilərlər. Bu gün biz Avropa Oyunlarının keçirilməsi üçün xaricdən nə qədər komanda dəvət etmişik. Dünyanın müxtəlif ölkələrindən gələn bu komandalar böyük təcrübə sahibidirlər. Bu prosesə qoşulan gənclərimiz üçün bu, böyük təcrübədir. Bir sözlə, bu, həqiqətən tarixi hadisədir.

- Sizə bu məsul vəzifədə uğurlar arzulayırıq. Yəqin ki, ilk Avropa Oyunlarında səfir olmağınızı uzun müddət unutmayacaqsınız.

- Əlbəttə. Mənə təqdim olunan ulduz səfir nişanını göz bəbəyim kimi qoruyuram. Bəzən düşünürəm ki, zaman gələcək, bu nişanı nəvələrimə göstərib deyəcəyəm ki, bir zamanlar mən də Azərbaycanda keçirilən Avropa Oyunlarının səfiri idim. O zaman dövlət başçımız məni bu döş nişanı ilə təltif etmişdi. Yəni deməyim odur ki, bu medal mənim üçün çox dəyərlidir. Avropa Oyunlarında vətənimi təmsil etmək üçün mənə təqdim olunan bu səfir medalı ən azı, uzun illərdir fəaliyyət göstərdiyim, tanındığım, mənim üçün doğma olan KVN medalı qədər əzizdir. Onu göz bəbəyim kimi qoruyuram və hər dəfə o medala baxanda yalnız və yalnız qürur hissi keçirirəm. Mən də bu işdə hər kəsə uğurlar arzulayıram. İnşallah, bu işin öhdəsindən də layiqincə gələrik.