I Avropa Oyunlarının məşəli Goranboya gətirildi

Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Bərdədən Goranboy rayonuna gətirilib.


AzNews.az xəbər verir ki, məşəlin qarşılanma mərasiminə minlərlə rayon sakini toplaşıb. Əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkil və plakatlar tutmuş sakinlər məşəl yürüşünün iştirakçılarını alqışlarla salamlayıblar.

Məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal Hüseynov qəbul edib. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqış sədaları altında Ulu Öndərin adını daşıyan prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.

Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb. İştirakçılar Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı maraqla izləyiblər.

Sonra "Bakı-2015"-in çırağı yandırılıb. Rayonun gənc idmançısı, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edib.

Məşəl estafetinin iştirakçısı, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev sevinc hisslərini belə bölüşüb: "Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Birinci Avropa Oyunlarının məşəli bizim rayona da gətirildi. Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsindən qürur duyuram. Heç kimin ağlına belə gəlməzdi ki, yenicə müstəqillik qazanan Azərbaycan qısa vaxt ərzində belə bir mötəbər tədbirə ev sahibliyi etsin. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı yorulmaz və çoxsahəli fəaliyyət nəticəsində xəyallarımız gerçəkləşdi. Təxminən bir aydan sonra Azərbaycan öz qapılarını Avropa idmançılarının üzünə açacaq. Bununla da dünya ölkələri müstəqil dövlətimizin uğurlarını daha yaxından görəcək".

Rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin həyəcanını belə ifadə edib: "Böyük qürur hissi keçirirəm. Bu gün ilk Avropa Oyunlarının məşəl estafeti bizim rayona da gətirildi. Ölkəmizin bu mötəbər idman yarışına ev sahibliyi etməsini ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi idman siyasətinin uğurlu nəticəsi kimi dəyərləndiririk. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi respublikamızın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını bir daha sübut etdi. Buna görə goranboylular adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

Goranboy rayon Abbasqulular kənd orta məktəbinin müəllimi Müşfiq Sadıqov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını tarixi hadisə adlandırıb. O, qeyd edib ki, bu qələbə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının əsl təntənəsidir.

Birinci Avropa Oyunlarının məşəli Goranboydan Naftalan şəhərinə yola salınıb.