“Niyə onları Türkiyə elmi ədəbiyyatından oxumalıyam?” “Niyə onları Türkiyə elmi ədəbiyyatından oxumalıyam?”

Nurlan Ağa: “O əjdahadan bizdə də olsun” – Müsahibə

“Niyə onları Türkiyə elmi ədəbiyyatından oxumalıyam?”

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kadefrasının magistrantı Nurlan Ağanın “15 iyul və Media” kitabı çapdan çıxıb. Artıq kitabın təqdimat mərasimi keçirilib. Kitab 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd və medianın bu hadisələrdə rolundan bəhs edir.

Nurlan Ağa AzNews.az-a müsahibəsində kitabla bağlı maraqlı açıqlamalar verib:

- Necə oldu ki, bu kitabı yazmağı qərar verdiniz?

- Bu iş mənim bakalavrdan məzun olmaq üçün BDU Beynəlxalq jurnalistika kafedrasında hazırladığım diplom işi idi. Mövzunun adı "Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi və Azərbaycan KİV-i (15.07.2016-mart 2017)" idi. Lakin biz hərtərəfli və qarşılıqlı təhlilə əsaslanan tədqiqat olsun deyə, həm Azərbaycan, həm də Türkiyə mediasının olaya baxış bucaqlarını təhlil etdik.

O vaxt diplom işi mövzusu seçmək üçün kafedramıza (indi diplom işi hazırladığım kafedranın magistrantıyam) düşəndə mövzulara baxan kimi demişdim ki, bu, əsl tədqiqat mövzusudur. Çünki hadisə yeni baş vermişdi. 2016-cı ilin iyulunda çevrilişə cəhd baş vermişdi, sentyabrında isə mən mövzu olaraq götürmüşdüm. Tədqiqatı apardığım vaxtlardan elə kitab kimi düşünürdüm. Daha sonra elmi rəhbərim Pərvanə İbrahimovanın da ideya və hərtərəfli dəstəyi ilə "15 iyul və media"nı kitab halına gətirdik.

- Türkiyədəki hadisələri bu qədər yaxından izləməyinizə səbəb nədir? Niyə bu qədər maraqlıdır sizə?

- Həmin hadisə baş verdiyi gecə demək olar ki, səhərəcən televiziya qarşısında oturmuşdum. Mən həyatın mistikasına çox inanan biriyəm. Elə bil həmin gecəni bir neçə ay sonra tədqiqat edəcəyim ürəyimə dammışdı. Türkiyə kanallarının Facebook-dakı səhifələrindən canlı yayımları izləyirdim. Həmin gecə Türkiyədə yaşayan Sürəyya müəllimimlə danışırdım, xəbər alırdım. Sosial şəbəkələrdən insanların bu hadisəyə biri-birindən fərqli münasibətlərini görürdüm.

Qeyd edim ki, bu gün Türkiyənin inkişafı, ən əsas da təhsil sistemi Avropaya, Qərbə çox yaxındır. Türkiyə müasirliyin ənənə ilə inteqrasiyasını çox yaxşı bacarır və ona görə də uğurlu olur. Mənim üçün Türkiyə təhsili uğurlu təhsil sistemlərindəndir.

- Kitabın əsas mahiyyəti nədir?

- Tədqiqatın mənə görə ən əsas özəlliyi obyektivliyidir. Düzdür, informasiyanın özəllikləri arasında yeganə olan obyektivlikdir ki, nisbidir. Amma bu işdə məhz həmin nisbiliyi daha yüksək tutmaq üçün istər Türkiyə, istərsə də Azərbaycan mediasının hər üç istiqamətində olan nümunələrini, yəni iqtidaryönlü, müxalifyönlü və neytral informasiya siyasəti aparan KİV-in materiallarını təhlil etdim. Hamısının da ayrı-ayrılıqda gəldiyi nəticələri qeyd etdim ki, bu axının baxışına görə hadisə belə olub, digərinin baxışına görə də belə.

- Gələcək kariyeranızda aktiv jurnalistikayla ya elmi araşdırmalarla məşğul olacaqsınız?

- Doğrusu, çox uzunmüddətli planlar quran biri deyiləm, bəzən çox ani qərarlar da verirəm. Amma inanmıram ki, elmdən uzaqlaşım. Elmlə məşğul olmaq mənim üçün yaşayış tərzidir. Bir elmi məqalə yazarkən aldığım zövqü nədəsə ala bilmirəm. Praktik jurnalist kimi fəaliyyəti də əldən qoymaq olmaz təbii ki. I kursdan praktik jurnalistika ilə də məşğulam, bu günün özündə də məşğul oluram.

- Sonda nə demək istəyərdiniz?

- Azərbaycanda jurnalistika sahəsindəki elmi tədqiqatların mahiyyəti, müstəvisi dəyişməlidir. Yeni ideyalar, yanaşmalar gəlməlidir. Bakalavr işimi də, magistr dissertasiyamı da heç işlənməmiş mövzulardan götürdüm. İl olub 2018, bu gün elm sahəsində insanları deyilməyənlərlə heyrətləndirmək olar yalnızca. Bilmirəm, bəlkə də mənim bunları deməyə yaşım və təcrübəm çatmır, təbii ki, sözüm əsl alimlərdən kənardır. Amma ət maşınından 10 dəfə keçmiş mövzuları nə vaxta kimi "11-ci keçirən də mən olum, asan yoldan ad qazanım" deyiləcək? Sosial media dünyanın ən aktual tədqiqat problemidir. Türkiyədə sosial media kitabları ilə bağlı axtarış verirsən, 100-dən çox kitab gəlir, onlardan bacara bildiyim qədərini dostlarım, müəllimlərim vasitəsilə əldə etmişəm. Hamısı da maraqlı və orijinal mövzular. Hətta xarici müəlliflərdən tərcümələr olunur, əsas odur ki, ideya gözəl olsun, onlar onu tərcümə edib təqdim etməkdən də çəkinmirlər. Adamlar yetənə yetir, yetməyənə də bir daş atır, sözün yaxşı mənasında. Bəs niyə mən onları Türkiyə elmi ədəbiyyatından oxumalıyam? Onu keçdim, tərcümələri niyə xarici dillərdən Türkiyə türkcəsinə olan tərcümələrdən oxumalıyam? O əjdahadan bizdə də olsun istəyirəm.

Bunun obyektiv səbəbləri də var. Məsələn, elmlə məşğul olduğu üçün aylıq 100 manat ətrafında təqaüd alan insanlar istedadlarını 100 manata görə səfərbər eləmək istəmirlər. Ona görə də istedadı çox, pulu az olanlarla pulu çox, amma istedadı olmayanlar arasında "səhv düşəndə yerimiz" situasiyası yaşanır.

Nigar CƏFƏR

AzNews.az