AXC parlamenti Azərbaycan tarixində müstəsna bir iz qoyub AXC parlamenti Azərbaycan tarixində müstəsna bir iz qoyub

“Parlament dövlətçilik sistemində çox mühüm rol oynayır” - Musa Qasımlı

AXC parlamenti Azərbaycan tarixində müstəsna bir iz qoyub

Bu gün Azərbaycan parlamentinin yaranmasının 100 ili tamam olur. 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Paris sülh konfransına yola düşən Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb.

AzNews.az xəbər verir ki, mövzu ətrafında Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, tarixçi alim Musa Qasımlı ilə həmsöhbət olduq.

- Musa müəllim, müsəlman şərqinin ilk parlamenti olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin fəaliyyət prinsipləri və onun müasir Azərbaycan parlamentinə töhfələri nədən ibarətdir?

- 1918-ci ilin 7 dekabr tarixini Azərbaycan dövlətçilik tarixində parlaq səhifələrdən biri kimi dəyərləndirməliyik. Bu parlament demokratik, çoxpartiyalı və çoxfraksiyalı idi. AXC parlamenti müstəqil dövlət quruculuğunda müstəsna rol oynadı, bir çox qanun və qərarlar qəbul etdi. Qanunlar bir neçə oxunuşdan sonra qəbul edilirdi. Dövlət və milli maraqlar məsələsində Azərbaycan siyasi partiyalarının mövqeləri üst-üstə düşürdü. Bu məsələlərdə fikir ayrılığı demək olar ki, yox idi.

- AXC parlamentinə qədər olan və ondan sonrakı yol hansı proseslərdən keçib?

- AXC parlamenti Azərbaycan tarixində müstəsna bir iz qoydu. Bu yol uzun bir tarixi prosesdir. Azərbaycanda qədim və orta əsrlərdə qərarların qəbul edilməsi ənənəsi olub. Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edildikdən sonra yerli idarəçilik və qərarların qəbul eilməsi üçün bir sistem yarandı, amma bu, imperiya qanunlarına tabe idi. Sonrakı dövrdə Rusiya dövlət dumalarında azərbaycanlılar iştirak etdilər. Onların fəaliyyəti Azərbaycan parlamentarizminin mühüm səhifələrindən biridir. 1-ci Dünya Müharibəsinin gedişində müvəqqəti hökumət devrildikdən sonra Zaqafqaziya Xüsusi İdarəetmə Komitəsi yarandıqda azərbaycanlı nümayəndələr orada iştirak etdilər. Bu nümayəndələr Zaqafqaziya komissarlığına və sonra seyminə qatıldılar. Onlar Cənubi Qafqazın idarəçiliyində xüsusi rol oynadılar. Zaqafqaziya Seymi dağılanda azərbaycanlı deputatlar Milli Şura yaratdılar. Bu, müstəqil Azərbaycan parlamentarizmi tarixində ilk addımlardan biri oldu. Ondan sonra bir müddət Milli Şuranın fəaliyyətinə bəlli səbəblərdən ara verilsə də 1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti açıldı. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra müstəqil parlamentin də fəaliyyətinə son qoyuldu”.

- Bəs sonrakı dövrdə nə baş verdi?

- Yaradılan Azərbaycan SSRİ-də qanun və qərarları mərkəzə tabe olan İnqilab Komitəsi verməyə başladı. 1921-ci ildən onun Azərbaycan sovetlər qurultayı və mərkəzi icraiyyə komitəsi mərhələsi başladı. Hansı ideologiyanın və sistemin mövcud olmasından asılı olmayaraq, 1921-ci ilin may ayında Azərbaycan SSRİ-nin ilk Konstitusiyası qəbul olundu. Bu konstitusiyanın qəbulu Azərbaycan dövlətçilik tarixində mühüm səhifələrdən biri hesab edilə bilər. 1937-ci ildə Azərbaycanın Konstitusiyası 1936-cı il SSRİ konstitusiyası əsasında qəbul edildi. Ondan sonra Azərbaycan parlamentarizmi tarixində Azərbaycan SSR Ali Soveti mərhələsi başladı...

- 1991-ci ildə Azərbaycanın dövlət müstəqiliyi bərpa edildi. Bu tarixi hadisədə AXC-nin rolunu necə qiymətləndirmək olar?

- Bəli, indiki müstəqil Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri əsasında bərpa edildi. Azərbaycanda ilk dəfə olaraq rəsmi şəkildə AXC bayrağı ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edildi. İlk dəfə olaraq burada sovet sosialist ifadələrindən, sovet atributlarından imtina edildi. Bu zaman hələ kommunist ideologiyası mövcud idi və Sovet imperiyası da yaşayırdı. Sonradan 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Orada göstərildi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bununla bağlı Heydər Əliyevin bir sıra fikirləri var. O deyirdi ki, Milli Məclis Azərbaycan AXC-nin varisidir. Cənab Prezident İlham Əliyevin də AXC dövrünü xarakterizə edən belə bir fikri var ki, Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmlənməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi.

Bu gün Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri formalaşıb. Milli Məclis dövlətçilik sistemində çox mühüm rol oynayır. Bilirsiniz ki, İlham Əliyevin imzaladığı sərəncamla cümhuriyyətin 100 illiyi qeyd edildi. 2018-ci il Azərbaycanda Cümhuriyyət ili elan olundu. Bununla yanaşı, hesab edirəm ki, iki cilddə “Azərbaycan Parlamentarizmi Tarixi” kitabının nəşr olunması Azərbaycan parlamentinin 100 illiyinə ən layiqli töhfədir.

Elgün Mənsimov
AzNews.az

image description image description image description