"Ona görə də gənclərə bu kimi vacib mövzuları aşılamaq önəmlidir" "Ona görə də gənclərə bu kimi vacib mövzuları aşılamaq önəmlidir"

Cəmiyyət hər kəs öz-özlüyündə məsuliyyətli vətəndaş olanda yaxşı inkişaf edir - Nigar Ələsgərova

"Ona görə də gənclərə bu kimi vacib mövzuları aşılamaq önəmlidir"

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bu il Nəsimi ili elan olunub. Bununla bağlı ölkəmizin müxtəlif dövlət və özəl qurumlarında, eyni zamanda vətəndaş cəmiyyəti institutlarında tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən birinin də “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyat keçirilməsi nəzərdə tutulub.

Birliyin sədri Nigar Ələsgərova mövzu ilə bağlı AzNews.az portalına müsahibə verib.

- Nigar xanım, Nəsimi ilinə görə hansı layihəni gerçəkləşdirəcəksiniz?

- Biz də gənclər təşkilatı olaraq prioritet istiqamətlərimizdən biri olan aktiv vətəndaşlıq istiqaməti çərçivəsində ölkə gündəminə uyğun baş verən hadisələrə öz mövqeyimizi göstərməyə çalışırıq. Təbii ki, Nəsimi ili elan olunması ölkənin həm mədəni həyatında, həm də bütün sahələrdə ciddi göstəricidir. Bütün diqqətlər də Nəsimi üzərinə köklənmiş oldu. Biz də Nəsimi ili ilə bağlı layihə hazırlayıb Azərbaycan Gənclər Fonduna təqdim etdik. Fondun dəstəyi ilə aprel ayının birindən layihənin icrasına başlanılıb.

- Layihənin icra mexanizmi barədə məlumat verərdiniz?

- Biz Nəsiminin qəzəllərindən ibarət audio kitab hazırlayacağıq. Bildiyiniz kimi belə bir material yoxdur. Təqdimat mərasimindən sonra isə bu, internet vasitəsilə insanların istifadəsinə veriləcək. Daha sonra biz kitabça hazırlayacağıq. Həmin kitabçalarda Nəsimi ilə bağlı çox maraqlı faktlar öz əksini tapacaq. Hansılar ki, biz nə ədəbiyyat kitabında oxumuşuq, nə də internetdə rastlaşırıq. Bununla bağlı biz nəsimişünaslar və alimlərlə görüşüb ən faydalı və maraqlı məlumatları almağa çalışırıq. Məlumat üçün deyim ki, kitabça iki dildə olacaq: İngilis və Azərbaycan. Çünki bizim təşkilat beynəlxalq layihələrə tərəfdaş olaraq təmsil olunur. Bütün layihələrdə də bu materialı paylamağı düşünürük. Bizim sənədli filmimiz də çəkiləcək. Bədii ştrixlərlə zəngin olacaq bu filmdə Nəsimi yaradıcılığı, Nəsiminin dünya ədəbiyyatında, Azərbaycan klassikasında rolu və müasir dünyada onun öyrənilməsinin əhəmiyyətini əks etdirən önəmli məlumatlar öz əksini tapacaq. Nəsimişünas alimlərin, onunla bağlı araşdırması olan tanınmışlar sənədli filmdə yer alacaqlar. Şamaxıda çəkilişlərimiz olacaq. Hazırda isə film çəkiliş ərəfəsindədir. Məqsədimiz Nəsimi yaradıcılığını təbliğ etmək, gənclərə sevdirmək və yeniyetmələr arasında mövzuya diqqət cəlb etməkdir.

- Filmin təqdimat mərasimi harada baş tutacaq?

- Bizim Bakıda və Gəncədə böyük təqdimat mərasimimiz olacaq. Bakıda böyük ehtimalla Konqres Mərkəzində baş tutacaq. Ona yaxın ünvanda yerləşən gənclər evində təqdimat keçiriləcək. Layihə iyul ayının 1-də yekunlaşmalıdır. Sentyabr ayından başlayaraq ilin sonuna qədər respublikanın müxtəlif regionlarındakı məktəblərdə həmin filmin təqdimatını həyata keçirəcəyik.

- "Odlar Yurdu" Gənclər İctimai Birliyinin ümumi fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- "Odlar Yurdu" Gənclər İctimai Birliyi ölkədə fəaliyyət göstərən beynəlxalq əlaqələr və Erasmus layihələri çərçivəsində çox aktiv olan on təşkilatdan biridir. Biz bu istiqamətdə çox şəffaf şəkildə çalışırıq. Bizim növbəti Erasmus layihəmiz Türkiyənin İzmir şəhərində keçirildi və 10 gün ərzində davam etdi. Azərbaycandan 5 gənc qatıldı. Onlardan 2-i Gəncədə, 3-ü isə müxtəlif regionlarda yaşayıb Bakıda təhsil alan gənclər idi. Layihə multikulturalizm mövzusuna həsr olunurdu. İngiliscə adı “Some pieces of puzzle” olan layihənin əsas məqsədi multikultural dəyərlərin təbliğ olunması idi. İlk olaraq orada 29 apreldə Azərbaycan mədəniyyət günü keçirdik və tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz barədə məlumat verdik. Gənclərimiz milli geyimdə Novruz ənənəsi haqqında danışdılar. İzmirdə azərbaycanlılarla çalışan dərnəyə Gəncə ilə bağlı kitabı təqdim etdik.

- Gələcəkdə hansı layihələrin həyata keçirilməsini planlaşdırırsınız?

- Böyük ehtimalla oktyabr ayına təsadüf edən yeni layihəmiz olacaq. Dəvət bir neçə ildir tərəfdaşlıq etdiyimiz əməkdaşımız tərəfindən gəlib. Almaniyada keçiriləcək. Yəqin ki, oktyabrda da 5 nəfərlik heyətlə Almaniyada ölkəmizi təmsil etmək üçün səfərə çıxacağıq. Hazırda bizim başqa bir layihə də icra mərhələsindədir. Bu layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək. Həmin layihə “Ətraf mühit və mən” adlanır. İlk dəfə 2014-cü ildə Gənclər Fondunun dəstəyi ilə keçirilib. Bu layihədə də məqsəd gənclər arasında ətraf mühitin mühafizəsinə onları cəlb etməkdir. Cəmiyyət o vaxt yaxşı inkişaf edir və problemlər o vaxt rahat həll olunur ki, hər kəs öz-özlüyündə məsuliyyətli vətəndaş olur. Ona görə də gənclərə bu kimi vacib mövzuları aşılamaq önəmlidir. Ətraf mühit tək ekoloji məsələ deyil, burada ideoloji-tərbiyəvi məsələlər də öz əksini tapır. Layihəni Şamaxıda həyata keçirməyi nəzərdə tuturuq. Bilirsiniz ki, bu il Şamaxı Azərbaycan gənclər paytaxtıdır. 30 nəfərdən çox könüllü üçün xüsusi seçim aparacağıq və onları bu yaz düşərgəsinə dəvət edəcəyik. Bu, həm istirahət, həm də maarifləndirici, aktiv oyunlarla zəngin düşərgə olacaq”.

- Layihələrə qəbulla bağlı müraciət prosesi necə həyata keçirilir?

- Layihələrin qəbulu açıq elan edilib və gənclər əvvəlcə online müraciət edirlər. Ərizələri seçdikdən sonra uyğun namizədləri müsahibəyə dəvət edirik. Ona uyğun da seçim edirik. Bütün elanlarımız "Odlar Yurdu" Gənclər İctimai Birliyinin Facebook-dakı rəsmi səhifəsində paylaşılır. Hazırda düşərgə ilə bağlı elan paylaşılmayıb, amma ayın sonuna kimi paylaşılacaq. Həm ekoloji təmizlik, ağac əkmə fəaliyyətləri olacaq, həm də dəvət etməyi planlaşdırdığımız təlimçi ilə gənclərə özlərini təbiətin yerinə qoymağı öyrədəcəyik. Çünki gənclər dərk etməlidirlər ki, ətraf-mühiti qorumamaq, yerə zibil atmaq sadəcə aşağı tərbiyənin göstəricisi deyil, eyni zamanda onların özləri üçün, övladları üçün hansı fəsadlar deməkdir.

Nigar CƏFƏR

AzNews.az