Natiq Miri: "Rusiya Paşinyanı devirmək üçün ciddi iradəsini ortaya qoyub" Natiq Miri: "Rusiya Paşinyanı devirmək üçün ciddi iradəsini ortaya qoyub"

Rusiya və Qarabağ klanı hərəkətə keçib - Hədəf Paşinyandır

Natiq Miri: "Rusiya Paşinyanı devirmək üçün ciddi iradəsini ortaya qoyub"

Xatırlayırsınızsa, ötən il Ermənistandakı inqilab zamanı "Soros" fondunun Nikol Paşinyanı dəstəklədiyinə və insanların kütləvi etirazının təşkilinə dair ciddi əsaslar vardı. Bu əsaslara dair ortaya çıxan faktlar yerli və xarici media da tirajlandı.

İndi isə Ermənistanda "Soros" fonduna qarşı yeni etiraz dalğası vüsət almaqdadır. Belə ki, keçən həftənin sonu İrəvanda “Soros" fondunun əleyhinə etiraz aksiyası keçirilib. Etirazçılar fondun və onunla əlaqəli qurumların fəaliyyətinin qadağan edilməsini tələb ediblər. Aksiyaya başçılıq edən Narek Malayan bəyan edib ki, Ermənistan hökuməti fonddan göstərişlər alır, buradan media vasitəsilə ən çirkin hücumlar edilir, hüquq-mühafizə orqanlarına qara yaxılır. O, həmçinin, iddia edib ki, fond Ermənistanda vətəndaş müharibəsi və qanlı qarşıdurmalara təhrik edir.

Artıq Paşinyan hökuməti ciddi dilemmalarla üz-üzədir. Baş verən proseslər onu göstərir ki, Qarabağ klanı və Rusiya Paşinyanı bitirmək üçün hərəkətə keçib.

Mövzu ətrafında politoloq Natiq Miri ilə həmsöhbət olduq:

- Natiq müəllim, Ermənistanda "Soros" fondu, eləcə də mövcud durumla bağlı etirazları nə ilə əlaqələndirmək olar?

- Açığı, bu barədə uzağagedən qərarlar vermək doğru olmaz. Çünki bu etirazları təşkil edən qüvvələrin arxasında Koçaryanın təşkil etdiyi "Adekvat" siyasi güc mərkəzinin durduğu bəllidir. Bilirsiniz ki, Koçaryan da Qarabağ klanına aid və bilavasitə Paşinyan hökumətinə müxalif olan hərbi xuntanın liderlərindən biridir. Ona görə də düşünürəm ki, bu etirazlar Qərbə bir mesaj olmaqla bərabər, həm də Ermənistan cəmiyyətində Paşinyan hökumətinə qarşı ictimai rəyi kütləviləşdirmək üçün aparılır.

Hələlik bütövlükdə erməni cəmiyyətinin Paşinyan hakimiyyətinə qarşı olduğunu demək tezdir. Doğrudur, ictimai rəydə Paşinyanın reytinqi düşməkdə davam edir. Çünki inqilab nəticəsində hakimiyyətə gələn Paşinyan hökuməti vəd etdiyi sözləri hələlik yerinə yetirə bilmir. Bunun da təbii ki, obyektiv və subyektiv, həm daxili, həm də xarici amillərə dayanan ciddi səbəbləri var. Paşinyan hökuməti sələflərindən fərqli bir siyasət ortaya qoymadı. İqtisadi yöndə Ermənistana bir sıçrayış vəd edən Paşinyan anlamalı idi ki, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmədən, Dağlıq Qarabağdakı işğal faktını bitirmədən Ermənistanın inkişaf perspektivi mümkün deyil. Bu elementar həqiqəti anlamadığı, yaxud anlayıb onu yerinə yetirmək cəsarəti tapmadığı üçün Paşinyanın bu kimi problemləri getdikcə dərinləşəcək.

- Eyni zamanda, Ermənistan cəmiyyətində Rusiyaya qarşı etiraz səsi də güclənməkdədir. Erməni mediası bu məsələdə daha da aktivləşib. Bu istiqamətdə nə deyə bilərsiniz?

- Bu məsələlərdə əsas rollardan birini məhz Rusiya oynayır. Mən xarici amil deyəndə əsasən Rusiya faktorunu nəzərdə tuturdum. Fikir verirsinizsə, Rusiya çox əhatəli bir oyun nümayiş etdirir. Bir tərəfdən guya Ermənistana və Paşinyan hökumətinə dəstək nümayiş etdirərkən, digər yöndə Paşinyan hakimiyyətinin əleyhinə çox ciddi siyasi fəaliyyət göstərir. Koçaryanın məhkəmə vasitəsilə azadlığa buraxılmasından tutmuş, dərhal “Adekvat” partiyasının yaradılmasının, bu partiyanın tezliklə təşkilatlanmasının və bu cür etiraz faktlarının ortalığa çıxmasının arxasında əmin olun ki, bilavasitə Rusiyanın barmağı mövcuddur. Paşinyan hakimiyyəti də nə qədər Rusiyanın yanında olduğunu bəyan etmiş olsa belə, Rusiya dövləti heç bir vəchlə Paşinyan hökumətinə etibar etmir. Çunki, Ermənistanda bir çox strateji postlarda, xüsusən də təhlükəsizliklə bağlı strateji vəzifələrdə məhz "Soros" fondu ilə əlaqədə olan gənc kadrlar yerləşməkdədir. Hadisələr bu cür davam etdikcə Rusiya Paşinyana etibar etməyəcək. Ona görə də Paşinyanın yönəltdiyi Ermənistan mediasında anti-Rusiya ovqatını körükləmək və ictimai rəyi istiqamətləndirməyə çalışılır.

- Natiq müəllim, bu arada, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Ermənistandakı son olaylara münasibət bildirərək ermənilər haqda olduqca sərt ifadələr işlədib. Bəyan edib ki, Ermənistan belə qəliz coğrafiyada Rusiyasız heç vaxt mövcud ola bilməzdi. Siz necə düşünürsünüz, patriarxın da işə qarışmasını ciddi siqnal kimi qəbul etmək olarmı?

- Əlbəttə! Açığı, bu faktın özü göstərir ki, Rusiya sözün əls mənasında Paşinyan hakimiyyətini devirmək üçün çox ciddi bir iradəsini ortaya qoyub. Çünki əvvəllər əgər hərbi, siyasi və hüquqi yöndə müəyyən qədər Paşinyan hakimiyyətinə bir dirəniş göstərilirdisə, artıq bu, dini zəmində də özünü göstərir. Bu isə bilavasitə Rusiyanın gələcək perspektivdə Paşinyan hökumətindən qurtulmaq siyasətinin ortaya qoyulduğunu göstərir. Artıq bütün sahələr üzrə Rusiya hərəkətə keçib.

Elgün Mənsimov
AzNews.az