"Anam məni həmin proqrama baxmağa çağırıb, necə maraqlı bir sənət olduğunu deyirdi"- Gənc rəssam "30 Altı"da

Gələcəkdə bu iki üslubla işləməyi düşünürəm

AzNews.az-ın "30 Altı" layihəsinin bu həftəki qonağı gənc rəssam Dəniz Baxışzadədir

"1999-cu il Astara şəhərində anadan olub. İlk təhsilini də elə bu şəhərdə alıb. 2016-cı ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə daxil olub. Universitetə daxil olmazdan əvvəl, yəni, məktəbdə keçirdiyi 11 il ərzində rəssamlıqla, atasının əmisi oğlu Firudun Quliyevin yanında məşğul olub. Firudun müəllim ona rəssamlığın sirlərini, realizmi, qayda-qanunları, rəssamlığın əsas prinsiplərini öyrədib. Unversitetdə isə Dənizlə Oqtay Murtuzayev və Bayram Qasımxanlı məşğul olub.

- Bu peşəyə maraq sizdə necə yarandı?

-Bizim nəsildə incəsənətlə, rəssamlıq və zərgərliklə məşğul olanlar çox olub. Yadıma gəlir, mən uşaq olanda atam rəsm çəkirdi,mən də onun əlinə baxıb öyrənirdim. Deyə bilərəm ki, məndə həvəs buradan yaranmağa başlayıb. Atam məni öz xalası oğlu Firudun Quliyevin yanına qoydu. Mən, demək olar ki, rəssamlığın sirlərini burada dərindən öyrəndim.

-Ən çox dəstək aldığınız şəxs kimdir?

-Ən çox dəstək aldığım şəxs anam olub. Mən uşaqlıqdan dəfələrlə rəsm yarışmalarına qatılmışam. Bu rəsm yarışmalarına qatılmağımda anamın rolu böyük olub. Kiçik bir nümunə çəkə bilərəm ki, uşaq vaxtı evdə olan zaman televiziyada rəssamlıqla bağlı bir veriliş gedəndə anam məni həmin proqrama baxmağa çağırıb, necə maraqlı bir sənət olduğunu deyirdi. Bu yollarla anam rəssamlığı mənə sevdirdi. Elə bu gün bu universiteti seçməyimdə əsas səbəb də rəssamlığın memarlığa yaxın bir sahə olması olub.

-Gənc olduğunuza baxmayaraq bu günlərdə sərgi keçirdiniz...

-Bu günlərdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində ilk fərdi sərgimi keçirdim. Bu sərgi mənim üçün xüsusi önəm daşıyırdı. Çünki həm bu mənim ilk sərgim idi, həm də, demək olar ki, sərgidə memarlıqla bağlı mövzular işləmişdim. Deyərdim ki, sərgi mənim həvəslənməmdə rol oynadı. Sərgi üçün bir neçə üslubda işləmişdim - akvarel, yağlı boya və kömürlə. Sərgimiz maraqlı keçdi. Xüsusilə də, “Cəbrayıl Xan çinar” mövzusunda çəkdiyim rəsm böyük maraqla qarşılandı. O cümlədən, akvarellə işlədiyim “Əlibəyovların evi” əsəri də marağa səbəb oldu. Məhz buna görə də gələcəkdə bu iki üslubla işləməyi düşünürəm.

-Hansı memarı, hansı əsəri möhtəşəm hesab edirsiniz?

-Ümumiyyətlə, rəssamlıqda və ya memarlıqda hansısa bir əsəri yaradanda sən onu elə çəkməlisən ki, özünəməxsusluğu qorumuş olasan. Yəni, başqa bir rəssamın və ya memarın əsərindən fərqlənməlidir. Məhz bu işə baxanda bilinməlidir ki, müəllif kimdir. Elə ən üstün cəhət də budur. O ki, qaldı mənim ən çox bəyəndiyim memara, bu, Antoni Qaudidir. Qaudi həqiqətən də möhtəşəm bir memardır. Çünki, Antoni Qaudi öz əsərlərində özünəməxsusluğu qoruyur. Bu memarın yaratdığını işindən, eskizindən anlamaq olur. Ən məşhur əsərlərindən biri də “Ailə kilsəsi”dir. Həmin kilsə Barselonada yerləşir. Bu kilsə də elə memarın özünə məxsusdur.

- Bu sənət səbr tələb edir. Yetərincə səbrlisiniz yəqin ki...

- Bəli, bu sənət həqiqətən də səbr tələb edir. Düşünürəm ki, yetərincə səbirliyəm. Elə olur ki, bir eskizi işləmək üçün bəzən günlərlə vaxt sərf edirsən. Bir gün, iki gün… Eskizdə müəyyən dəyişikliklər etməli olursan. Ta ki, o eskizi formalaşdırana qədər. Ona görə də buna xüsusi səbr və böyük axtarışlar lazımdır. Elə bu axtarışlar da səbr tələb edir. Bir memar və ya rəssam olmaq üçün səbr və həvəs mütləqdir. Mənə elə gəlir ki, bu səbrimə görə mən gözəl əsərlər yarada biləcəyəm.

-Azərbaycan memarlığına hansı töhfəni verməyi düşünürsünüz?

- Azərbaycan memarlığına töhfə vermək hər memarın arzusu kimi mənim də arzumdur. Yeni bir şey yaratmaq, yeni bir mövzu düşünmək qürurvericidir. Bunun üçün də böyük axtarışlar edilməli, əziyyətləri gözə almaq lazımdır. Gözəl bir gələcək qurmaq lazımdır. Bunun üçün də gərək elmi, savadı daha da inkişaf etdirəsən.

Səidə Vahid

AzNews.az

image description image description image description image description image description